Nazirin imtahandan azad edəcəyi 20 min müəllim: Şagirdə nə verəcək?

Nazirin imtahandan azad edəcəyi 20 min müəllim: Şagirdə nə verəcək?

“Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək”. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq. 

Qeyd edək ki, bir müddət öncə də Azərbaycanda müəllimlərin digər peşə sahibləri kimi məktəbdə 8 saatlıq tam iş rejimi ilə çalışması təklifi geniş müzakirə olundu. Tamştatlı müəllimlər dedikdə, 8 saatlıq iş rejimində çalışan müəllimlərmi nəzərdə tutulur? 

Bu müəllimlər sertifikasiyadan azad olunacağı təqdirdə, şagird üçün hansı müsbət tərəfləri olacaq?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Cahid İmanlı “Cebheinfo.az”-a bildirib ki, əvvəllər də və hazırda da tamştatlı müəllimlər var: 

“Burada tamştatlı deyəndə, müvafiq standart olaraq qəbul edilmiş, həftəlik dərs yükünə malik müəllimlər nəzərdə tutulur. Bir sıra müəllimlər natamamştat və ya saathesabı qaydasında da işləyir. 

Yəni elm və təhsil naziri Emin Əmrullayevin işlətdiyi bu ifadə konkret, mövcud olan spesifik bir vəzifə deyil, ümumi anlayış kimi başa düşülməlidir. Hazırda isə sertifikatlaşdırılmadan sonra məktəbdə "tamştatlı müəllim" vəzifəsi daha spesifik, müəyyənləşdirilmiş iş saatına malik, öhdəliyi və vəzifəsi konkretləşdirilmiş vəzifə olacaq. 

Yəqin ki, bu vəzifəyə ilk növbədə imtahandan yüksək bal yığan müəllimlər cəlb olunacaqlar. Müəyyənləşdirilmiş iş saatı isə 8 saatlıq iş rejimidir. Müəllimin sertifikasiyadan azad olunmasının müsbət tərəfi odur ki, onun öz üzərində, eləcə də şagirdlə işləmək üçün vaxtı olacaq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az