“Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” (İİALD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində Saatlı rayonunun Nərimankənd kəndində növbəti maarifləndirmə təlimi keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində kənddə ilk təlim 11 iyun 2026-cı il tarixində “Quraqlığa davamlı əkinçilik və suya qənaətli suvarma üsulları” mövzusunda təşkil olunub. Layihənin davamı olaraq 22 iyun 2026-cı il tarixində isə ikinci təlim “Torpaq münbitliyinin qorunması və iqlim risklərinin idarə edilməsi” mövzusuna həsr edilib.
Təlimdə fermerlər və kənd sakinlərinə torpaq münbitliyinin qorunması, torpaq deqradasiyasının və eroziyanın qarşısının alınması, əkin dövriyyəsinin düzgün təşkili, su resurslarından səmərəli istifadə və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin azaldılması istiqamətində müasir yanaşmalar barədə ətraflı məlumat verilib.
Tədbir interaktiv formatda keçirilib. İştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları səsləndirib və öz təsərrüfatlarında tətbiq edə biləcəkləri praktik tövsiyələr əldə ediblər. Təlim kənd sakinləri tərəfindən böyük maraqla qarşılanıb və layihənin kənd icmalarının bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verdiyi vurğulanıb.
"Cebheinfo.az"

