Nazirin axtardığı günahkar: Məktəbdə, yoxsa evdə?
Elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı qeyd edib ki, IV-VI siniflərin monitorinq nəticələrinə görə, bəzi siniflərdə 50-70 % şagird minimal standarlara cavab vermir.
O bildirib ki, belə siniflərin sayı 100-dən az deyil:
"Problem ayrı-ayrı hallardan deyil, sistemli vəziyyətdən qaynaqlanır. Əgər yüzlərlə sinifdə eyni vəziyyət müşahidə olunursa və minlərlə şagird gözlənilən bilik və bacarıqlara yiyələnə bilmirsə, bunun səbəbləri ciddi şəkildə araşdırılmalıdır.
Bu, təkcə müəllim yox, bütövlükdə məktəbin və təhsil sisteminin üzərində düşünməli olduğu bir məsələdir. Məqsəd heç kimi fərqləndirmək və ya günahlandırmaq deyil. Məqsəd odur ki, hər bir şagird keyfiyyətli təhsil almaq imkanına malik olsun".
IV-VI siniflərdə bu qədər şagirdin minimal standartlara cavab verməməsinin əsas səbəbləri nələrdir? Bu nəticələrə görə əsas məsuliyyət kimlərin üzərinə düşür?
Mövzu ilə bağlı ”Cebheinfo.az" –a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, şagirdlərin əsas bilik və bacarıqları vaxtında formalaşmadıqda sonrakı siniflərdə çətinliklər artır:

“IV-VI siniflər üzrə monitorinq nəticələrinin ortaya qoyduğu mənzərə ciddi narahatlıq doğursa da, bunu yalnız müəllim və ya məktəblərin problemi kimi qiymətləndirmək düzgün olmaz. Əgər yüzlərlə sinifdə şagirdlərin 50-70 % minimal standartlara cavab vermirsə, bu, təhsil sistemində müəyyən sistemli problemlərin mövcudluğundan xəbər verir.
Bu vəziyyətin səbəbləri çoxşaxəlidir". Onun sözlərinə görə, əsas amillərdən biri ibtidai təhsil mərhələsində yaranan öyrənmə boşluqlarının vaxtında aşkar edilərək aradan qaldırılmamasıdır:
"Bəzi şagirdlər oxuyub-anlama, riyazi hesablama, məntiqi düşünmə kimi fundamental bacarıqları tam mənimsəmədən yuxarı siniflərə keçirlər. Nəticədə sonrakı mərhələlərdə bu boşluqlar daha da dərinləşir.
Digər tərəfdən, bəzi hallarda tədris prosesində fərdiləşdirilmiş yanaşmanın zəif olması, qiymətləndirmənin öyrənmə prosesindən çox nəticəyə yönəlməsi də bu vəziyyətə təsir göstərir. Valideyn nəzarətinin kifayət qədər olmaması, şagirdlərin dərsdənkənar vaxtlarının səmərəli təşkil edilməməsi də öyrənmə nəticələrinə mənfi təsir edən amillər sırasındadır”.
Onun sözlərinə görə, pandemiya dövründə təhsil sahəsində yaranan itkilərin təsiri də hələ tam aradan qalxmayıb:
“Xüsusilə regionlarda resurslara çıxış imkanlarının fərqli olması, sosial-iqtisadi amillər, bəzi məktəblərdə müəllim mühitinin arzuolunan səviyyədə olmaması şagirdlərin təlim nəticələrinə mənfi təsir göstərir.
IV-VI siniflər üzrə monitorinq nəticələrinə görə günahkar axtarmaq doğru yanaşma deyil. Əsas məsələ məsuliyyət bölgüsünü düzgün müəyyənləşdirməkdir. Şübhəsiz ki, müəllim tədris prosesinin əsas icraçısıdır və şagird nailiyyətlərində onun rolu böyükdür. Lakin əldə olunan nəticələrə görə bütün məsuliyyəti yalnız müəllimlərin üzərinə qoymaq ədalətli yanaşma olmaz.
Məktəb rəhbərliyi tədris prosesinin təşkili, metodiki dəstək və nəzarətə görə məsuliyyət daşıyır. Valideynlər də övladlarının təhsilinə daha yaxından dəstək göstərməlidirlər. Eyni zamanda, təhsil idarəetməsi səviyyəsində monitorinqin gücləndirilməsi, metodiki dəstəyin artırılması və resurs təminatının yaxşılaşdırılması mühüm əhəmiyyət daşıyır”.
Ekspert qeyd edib ki, bu nəticələrin hamısı bir xəbərdarlıqdır:
“Məqsəd kimisə ittiham etmək deyil, problemlərin kök səbəblərini müəyyənləşdirərək vaxtında müdaxilə etməkdir. Çünki minimal standartlara cavab verməyən hər bir şagird gələcəkdə həm əmək bazarında, həm də cəmiyyət həyatında müəyyən çətinliklərlə üzləşə bilər. Bu məsələ təkcə təhsil sisteminin deyil, bütövlükdə cəmiyyətin diqqət mərkəzində olmalıdır”.
Gülər Həsənli
“Cebheinfo.az”

