Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib
Azərbaycanda texniki reqlament olaraq ilk dəfə "Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament" qəbul edilib.
"Cebheinfo.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən növbəti kollegiya iclasında bildirilib.
Kollegiya sədri iclasın gündəliyinə əsasən, Energetika Nazirliyinin qarşısında duran tapşırıqların vaxtında və səmərəli icrasının əhəmiyyətini vurğulayıb.
İclas zamanı "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqindən irəli gələn tapşırıqların icra vəziyyəti haqqında hesabat təqdim edilib. Bildirilib ki, tapşırıqlardan irəli gələrək 11 normativ hüquqi akt layihəsi hazırlanıb ki, bunlardan 9-u artıq təsdiq edilib.
İclasın gündəliyinə uyğun olaraq, "Azərbaycan Respublikasının enerji balansı" adlı məhdud giriş imkanlarına malik elektron məlumat bazasının yaradılması üzrə görülmüş işlər haqqında məlumat verilib. Məlumat bazasının istifadə qaydaları, statistik təhlillərin aparılması imkanları haqqında danışılıb, bazanın real vaxt rejimində izlənə bilməsinin proseslərin daha səmərəli, sürətli və şəffaf formada aparılmasını təmin etdiyi vurğulanıb.
İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
"Cebheinfo.az"

