Ankarda tarixi zirvə: ABŞ NATO-dan çıxır?

Ankarda tarixi zirvə: ABŞ NATO-dan çıxır?

Xəbər verdiyimiz kimi, iyulun 7–8-də Türkiyənin paytaxtı Ankarada NATO-nun növbəti Zirvə Toplantısı keçiriləcək.

Sammitdə alyansa üzv dövlətlərin dövlət və hökumət başçıları, NATO-nun rəhbərliyi, eləcə də tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur. 

ABŞ Prezidenti Donald Tramp da NATO sammitində iştirak edəcək. Lakin keçən gün ABŞ Prezidenti Donald Tramp NATO-nun maliyyələşdirilməsində Vaşinqtonun müttəfiqlərlə müqayisədə qeyri-mütənasib dərəcədə böyük maliyyə yükü daşıdığını bildirib.

O, ABŞ-nin alyansa ən çox vəsait ayırdığını vurğulayaraq, bunun qarşılığında ölkəsinin kifayət qədər fayda əldə etmədiyini qeyd edib:

“ABŞ NATO-ya hamıdan qat-qat çox pul xərcləyir ki, onları qorusun, amma bunun qarşılığında heç bir fayda əldə etmir. 2014-2015-ci illər arası ABŞ 999 milyard, Böyük Britaniya 90,5 milyard, Fransa 66,5 milyard, İtaliya 48,8 milyard, Polşa isə 44,3 milyard dollar xərcləyib. Digər ölkələr, o cümlədən Almaniya isə bundan dəfələrlə az xərcləyib. Bu, ağlasızmazdır”.

ABŞ-nin NATO siyasətində müşahidə olunan dəyişikliklər, Avropada yeni təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələrin intensivləşməsi və hərbi çəkindirmənin yenidən alyansın əsas gündəm mövzularından birinə çevrilməsi fonunda Ankara Zirvəsi son illərin ən mühüm NATO toplantılarından biri hesab olunur.

Bəs Trampın bu açıqlamaları NATO daxilində fikir ayrılıqlarını daha da dərinləşdirə və alyansda parçalanma riskini artıra bilərmi? ABŞ-nin gələcəkdə NATO-dan çıxması ehtimalı nə dərəcədə real görünür?

"Cebheinfo.az”-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, ABŞ-nin yaxın gələcəkdə NATO-nu tərk etməsi demək olar ki, mümkün deyil:

“Hazırda Trampın NATO ilə bağlı tənqidlərində haqlı məqamlar var. Buna baxmayaraq artıq Trampın tələbləri Avropa ölkələrinin müdafiə siyasətini dəyişdirib. Bildirim ki, ABŞ təbii olaraq vaxtilə bu təşkilatın yaradılmasının əsas təşəbbüskarı və aparıcı dövləti olub.

Məhz buna görə də xərclərin və yükün əhəmiyyətli hissəsini ABŞ öz üzərinə götürüb. Amma Donald Trampın həm birinci, xüsusilə də ikinci prezidentlik dövründə bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər və qəbul edilən qərarlar var.

Xatırladım ki, ötən il Niderlandın Haaqa şəhərində keçirilən NATO Zirvə toplantısında 2035-ci ilə qədər alyansa üzv dövlətlərin hərbi xərclərini ümumi daxili məhsulun 5 faizinə qədər artırması ilə bağlı qərar qəbul olunub və artıq Avropa ölkələri də bunu qəbul ediblər. Hazırda Avropa ölkələri Rusiya-Ukrayna müharibəsinə görə hərbi xərclərini ciddi şəkildə artırıblar. Bu proses gələcəkdə də davam edəcək. 

Düşünürəm ki, Donald Trampın həm tənqidləri, həm də təzyiqləri müəyyən nəticələr verib və bundan sonra da verəcək. Avropa ölkələri də bu istiqamətdə gərəkən addımları atacaq”.

Oqtay Qasımov qeyd edib ki, ABŞ Avropanın təhlükəsizliyini əvvəlki kimi təmin etmək niyyətində deyil:

“Çünki Avropa ölkələri İkinci Dünya müharibəsindən sonrakı dövrdə, xüsusilə də “soyuq müharibə” başa çatdıqdan sonra hərbi xərclərini ciddi şəkildə azaltdılar və bu vəsaitləri sosial-iqtisadi sahəyə yönəltdilər. Nəticədə həmin ölkələr kifayət qədər yüksək rifah cəmiyyətləri yarada bildilər.

Amma indi real təhlükələr qarşısında onların özlərini müdafiə etməsi ilə bağlı ciddi suallar yaranır. Yəni ABŞ artıq əvvəlki kimi onların təhlükəsizliyini birbaşa və heç bir qarşılıq gözləmədən təmin etmək niyyətində deyil. 

Təhlükəsizlik təminatının bir bədəli olmalıdır və Vaşinqton da Avropanın bu bədəli ödəməsinə çalışır. NATO-nun parçalanması məsələsi isə sadəcə ortaya atılmış bir iddiadır. ABŞ-nin yaxın perspektivdə belə bir addım atması real görünmür”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”