"Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin növbə rəisi saxlanıldı

"Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin növbə rəisi saxlanıldı

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları "Qırmızı Körpü" gömrük-keçid məntəqəsinin növbə rəisini külli miqdarda rüşvət almaqda təqsirləndirilərək saxlayıblar.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti açıqlama yayıb.

Bildirilib ki, əməliyyat Gürcüstan Prokurorluğu və Gəlir Xidməti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib.

İstintaqla müəyyən olunub ki, gömrük-keçid məntəqəsinin növbə rəisi xidməti vəzifələrini yerinə yetirərkən bir vətəndaşa 200 min ABŞ dollarını məcburi bəyannamə təqdim etmədən ölkəyə keçirməyə kömək edəcəyini vəd edib. Bunun müqabilində o, hər belə əməliyyat üçün 8 min ABŞ dolları rüşvət tələb edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi tələb etdiyi məbləğin bir hissəsi olan 4 min ABŞ dollarını aldıqdan dərhal sonra saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi ilə cinayət işi başlanılıb. Həmin maddə 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

"Cebheinfo.az"