Kiyevdə hava çirkliliyinin səviyyəsi təhlükəli həddə çatıb
Kiyevdə hava çirkliliyi sağlamlıq üçün təhlükəli həddə yüksəlib.
“Cebheinfo.az”-ın “Kiyev-24” telekanalına istinadən məlumatına görə, bu səhər Ukrayna paytaxtında hava keyfiyyəti göstəriciləri sağlamlıq üçün təhlükəli səviyyədə qeydə alınıb.
Bu səbəbdən sakinlərə pəncərələri bağlı saxlamaq, zərurət olmadıqca açıq havada uzun müddət qalmamaq və hava şəraitini mütəmadi izləmək tövsiyə olunub.
Ukraynanın “SaveEcoBot” monitorinq xidmətinin məlumatına əsasən, Kiyevin bir çox rayonunda hava keyfiyyəti sağlamlıq üçün zərərli səviyyədədir.
Bildirilib ki, ötən həftənin sonundan etibarən Çernobıl zonasında baş verən yanğınlar nəticəsində yaranan tüstü şəhərdə havanın çirklənməsinə səbəb olub.
Bundan əlavə, iyulun 2-də hava hücumu zamanı baş verən partlayışlardan sonra Kiyev üzərində güclü tüstü müşahidə edilib ki, bu da vəziyyətin daha da ağırlaşmasına təsir göstərib.
Aişə Abdulova
“Cebheinfo.az”

