İran ABŞ-nin Hörmüz müdaxiləsinə icazə verməyəcək
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Çinlə strateji əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, bu barədə Çin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin sədr müavini He Vei ilə görüşü zamanı danışıb.
“Cebheinfo.az” İran dövlət mediasının yaydığı məlumata istinadən xəbər verir ki, Qalibaf iki ölkə arasında strateji münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasının gözlənildiyini bildirib.
O, həmçinin bəyan edib ki, İran ABŞ-nin Hörmüz boğazına hər hansı müdaxiləsinə imkan verməyəcək.
“İran İslam Respublikası ABŞ-nin Hörmüz boğazına heç bir müdaxiləsinə icazə verməyəcək”, – deyə Qalibaf vurğulayıb.
Parlament sədri əlavə edib ki, İran Çin gəmilərinin Hörmüz boğazından maneəsiz tranzitinin təmini məsələlərini artıq həll edib.
Qalibafın sözlərinə görə, İran və Çin arasında siyasi və iqtisadi əməkdaşlığın gücləndirilməsi regionda gərginliyin azalması və yeni münaqişələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
O, həmçinin İsraili İran və ABŞ arasında əldə olunmuş anlaşmanı pozmağa cəhd göstərməkdə ittiham edib. Bildirib ki, İranın çəkindirmə siyasəti yeni müharibənin qarşısını alacaq.
Aişə Abdulova
“Cebheinfo.az”

