İranda Xameneyi ilə vida mərasimi başlayıb - FOTOLAR

İranda Xameneyi ilə vida mərasimi başlayıb - FOTOLAR

Bu gün səhər saatlarından başlayaraq İranda ölkənin keçmiş dini lideri Seyid Əli Xameneyi ilə vida mərasimi keçirilir.

"Cebheinfo.az" “Mehr” agentliyinə istinadən xəbər verir ki, mərasim paytaxt Tehranın Ruhullah Xomeyni adına Mosalla ibadət kompleksində başlayıb.

Tədbirdə din xadimləri və xarici ölkələrin rəsmiləri iştirak edir.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin sözlərinə görə, vida mərasiminə 8 dövlət başçısı və 12 parlament rəhbəri qatılacaq. İraq Kürdüstan Regionunun Başçısı Nəçirvan Bərzani, Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov artıq paytaxt Tehrandadırlar.

Bəqai qeyd edib ki, 100-ə qədər ölkə bu mərasimdə iştirak etmək üçün həm rəsmi nümayəndə heyətləri, həm də ictimai xadimlər və qruplar göndərir. Tədbirdə qonşu dövlətlərdən olan yüksək səviyyəli heyətlər də yer alıb.

Bəqai bildirib ki, çox sayda dövlətdən isə xarici işlər nazirləri, digər hökumət üzvləri və xüsusi nümayəndələr iştirak edirlər.

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneyinin təhlükəsizlik səbəblərinə görə atasının dəfn mərasimində iştirak etməyəcəyi bildirilib.

Vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Xameneyinin cənazəsi iyulun 8-də İraqa aparılacaq. Bütün mərasimlərdən sonra o, öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılacaq.

Xatırladaq ki, 86 yaşlı Əli Xameneyi fevralın 28-də ABŞ və İsrailin Tehrana birgə hücumu nəticəsində yaxın ailə üzvləri ilə birlikdə həlak olub.

"Cebheinfo.az"