Paşinyan: "Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün..."

Paşinyan: "Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün..."

Avropa Komissiyası Ermənistandan ixrac olunan bir sıra məhsullara münasibətdə muxtar ticarət tədbirlərinin tətbiqi barədə qərar qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, təşəbbüs Ermənistanın potensial ixracının təxminən 80 faizini əhatə edəcək və məhsulların bir hissəsinin Avropa İttifaqına gömrük rüsumu olmadan ixracına imkan verəcək.

"Rüsumsuz ixrac rejimi kənd təsərrüfatı məhsullarının təxminən 99 faizinə, həmçinin alkoqollu və alkoqolsuz içkilərin təxminən 90 faizinə şamil olunacaq. Məhsulların yekun siyahısı hələ dəqiqləşdiriləcək", – Paşinyan deyib.

Baş nazir qeyd edib ki, qərarın qüvvəyə minməsi üçün onu Avropa İttifaqına üzv dövlətlər təsdiqləməli, həmçinin Avropa Parlamenti müvafiq qərar qəbul etməlidir və bu proses müəyyən vaxt aparacaq.

"Siyasi səviyyədə məsələ prinsip etibarilə həll olunub. İndi isə yaradılmış imkanlardan maksimum yararlanmaq üçün özəl sektorla işləmək lazımdır", – Paşinyan əlavə edib.

"Cebheinfo.az"