Peşələr dəbdən düşür: Yeniləri qiymətə minir
Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb. Qərara əsasən, Təsnifatda yeni ixtisaslar əlavə olunub.
Qərara əsasən, peşə təhsili üzrə ixtisasların siyahısına "Tədbirlərin planlaşdırılması və təşkili", "Satış və marketinq", "Satınalmaların təşkili", "Mexatronika", "İstehsalata rəqəmsal nəzarət sistemləri", "Rəqəmsal məzmun idarəçiliyi", "3D rəqəmsal oyun dizayneri", "Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik", "Geodeziya və kartoqrafiya", "Qida emalı texnologiyaları", "Rəqəmsal inşaat üzrə mütəxəssis" və "Elektrik sayğacları texniki" ixtisasları əlavə edilib.
Peşə təhsili üzrə təsnifata yeni ixtisasların əlavə edilməsi əmək bazarının hansı tələblərindən irəli gəlir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, təsnifata yeni ixtisasların əlavə edilməsi əmək bazarının tələblərindən irəli gəlir:

“Peşə təhsili sahəsində son illərdə geniş islahatlar həyata keçirilir. Yeni peşə təhsili müəssisələri tikilərək istifadəyə verilir, mövcud təhsil ocaqları isə əsaslı təmir olunur.
Bu sahə dövlət tərəfindən xüsusi diqqətdə saxlanılır və Elm və Təhsil Nazirliyi tərəfindən peşə təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılır.
Peşə Təhsili üzrə Dövlət Agentliyi fəaliyyətə başladıqdan sonra peşə təhsili almaq istəyənlərin sayında davamlı artım müşahidə olunur”.
O qeyd edib ki, əmək bazarının tələbləri nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən yeni ixtisas təsnifatları da təsdiqlənib:
“Bu ixtisaslar hazırda əmək bazarında daha çox tələb olunan sahələri əhatə edir və həmin istiqamətlərdə təhsil alan gənclərin gələcəkdə iş tapmaq imkanlarını artırır. Bununla yanaşı, texnologiyanın sürətli inkişafı bəzi peşələrin aktuallığını azalda bilər.
Süni intellekt və avtomatlaşdırılmış sistemlərin geniş tətbiqi nəticəsində müəyyən ixtisasların gələcəkdə sıradan çıxacağı ehtimal olunur. Əvəzində isə yeni texnologiyalarla bağlı peşələrə və yeni təsnifata daxil edilən ixtisaslara tələbatın artacağı gözlənilir”.
Gülər Həsənli
“Cebheinfo.az”

