Avropanın anladığı reallıq: Azərbaycan vazkeçilməz tərəfdaşdır

Avropanın anladığı reallıq: Azərbaycan vazkeçilməz tərəfdaşdır

Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlıq davam edir.

Son illər Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu getdikcə artır və etibarlı tərəfdaş olaraq, xüsusilə 2022-ci ildən sonra ölkəmizdən Avropa İttifaqına qaz ixracının həcminin artıb.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı da bu istiqamətdə məsələlərə toxunulub.

Ursula Fon der Lyayenlə Prezident İlham Əliyevin mətbuata bəyanatlarla çıxışlarda enerji məsələləri bir daha gündəmə gəlib.

Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır, ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır: 

“Cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır. Əlbəttə ki, biz enerji sahəsində əməkdaşlığımızı geniş müzakirə etdik və həmçinin xanım Prezidentin Azərbaycana dörd il əvvəlki səfəri də olduqca əhəmiyyətli idi.

Bu baxımdan biz enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumunu imzaladıq və həmin vaxtdan etibarən Avropa İttifaqının üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb.

Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur.

Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır.

Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3 500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir”.

Bu gün Azərbaycanla Avropa İttifaqına üzv dövlətlər arasında enerji təhlükəsizliyi məsələləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur:

“Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşdə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, tərəflər arasında formalaşan strateji tərəfdaşlıq təkcə siyasi və iqtisadi maraqlara deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri də bu münasibətlərə verilən önəmin göstəricisidir. Antonio Koşta, Kaya Kallas və Ursula Fon der Lyayenin Bakıya səfərləri qarşılıqlı etimadın möhkəmləndiyini və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdiyini təsdiqləyir.

Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas sütunu enerji əməkdaşlığıdır. 2022-ci ildə imzalanmış Strateji Enerji Tərəfdaşlığına dair Anlaşma Memorandumu bu sahədə yeni mərhələnin əsasını qoydu.

Ötən dövrdə Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və məsuliyyətlə yerinə yetirərək Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artırdı. Bu gün Azərbaycan qazı Avropanın 12, Aİ-nın 10 ölkələsinin enerji balansında mühüm yer tutur və bu coğrafiya ildən-ilə genişlənir.

Müasir geosiyasi şəraitdə enerji təhlükəsizliyi artıq Avropa İttifaqı üçün milli və iqtisadi təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Belə bir dövrdə Azərbaycan etibarlı enerji təchizatçısı kimi xüsusi əhəmiyyət daşıyır.

Ölkəmiz təkcə enerji resursları ixrac etmir, eyni zamanda Avropanın enerji mənbələrinin şaxələndirilməsinə, təchizatın dayanıqlığının təmin olunmasına və enerji bazarında sabitliyin qorunmasına mühüm töhfə verir”. 

Onun sözlərinə görə, hazırda Azərbaycanın enerji siyasəti Avropanın enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi qiymətləndirilir:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, bu nəticələr uzun illər aparılan uzaqgörən siyasətin, böyük investisiyaların və uğurlu diplomatiyanın bəhrəsidir.

Cənub Qaz Dəhlizi artıq təkcə Azərbaycanın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin strateji layihəsinə çevrilib. Məhz bu dəhliz sayəsində Avropa alternativ və etibarlı enerji mənbəyinə çıxış əldə edib. 

Bu gün Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuz Avropa İttifaqının enerji strategiyasında mühüm yer tutur. Azərbaycanın strateji əhəmiyyəti yalnız enerji sahəsi ilə məhdudlaşmır.

Məhz Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Avropa ilə Asiyanı birləşdirən mühüm logistika mərkəzinə çevrilib. Nəqliyyat və liman infrastrukturuna yatırılan investisiyalar bu mövqeyi daha da gücləndirir. 

Eyni zamanda, “yaşıl enerji” sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycan–Avropa İttifaqı münasibətlərinə yeni strateji məzmun qazandırır. Xəzərin bərpa olunan enerji potensialı gələcəkdə Avropanın enerji təhlükəsizliyinə əlavə töhfələr verəcək.

Bütün bu layihələrin uğuru regionda davamlı sülhün bərqərar olunmasından asılıdır. Azərbaycan sülh gündəliyinə sadiqdir və Avropa İttifaqının da bu prosesə obyektiv və balanslı yanaşmasını gözləyir. 

"Qlobal qapılar" təşəbbüsü və digər əməkdaşlıq layihələri konkret nəticələrə xidmət etməlidir. Müasir reallıq göstərir ki, Avropanın enerji təhlükəsizliyi ilə bağlı gələcək strategiyanı Azərbaycansız təsəvvür etmək mümkün deyil.

Etibarlı tərəfdaş kimi qazandığı nüfuz, zəngin enerji ehtiyatları, müasir infrastruktur və siyasi etibarlılığı Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətini ildən-ilə daha da artırır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”