İqbal Ağazədənin telefon nömrəsini oğurladı: Jurnalistdən 600 manat aldı
Xəbər verdiyimiz kimi, Ümid Partiyasının sədri İqbal Ağazadənin teleqram üçün istifadə edilən telefon nömrəsi oğurlanıb.
Partiya sədrinin adından kontaktındakı şəxslərdən pul istənilib. Oğrunun toruna düşənlərdən biri də jurnalist Ləman Ələşrəfqızı olub.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb:
"Məni aldatdılar, dostlar. Biri İqbal Ağazadə adı ilə teleqram kanalından "Ləman xanım, xəstəxanadayam, kartımda pul yoxdur. Sizdə 300 manat varsa, atın" yazdı, "2-3 saata göndərəcəyəm",- dedi.
Mən də heç soruşmadan "Baş üstə, İqbal bəy",-dedim. Ardınca 420 manat da bir istədi. Dedim ki, kartımda 300 var, onu göndərə bilərəm. Toplam 600 AZN göndərəndən sonra bu şəxs bir də teleqramdan qısa zəng etdi. İndi də 340 manat göndərməyimi istəyirdi. Yalnız onda şübhələndim. Yığdım, qaldırmadı. İqbal bəyi adi nömrəsindən yığdım, məlum oldu ki, onun releqram hesabı oğurlanıb və o, bu haqda "Facebook"-da yazıbmış.
Əlbəttə, çox sadəlövh davrandım. Buna görə məni qınayanlar da olacaq. Əvvəla, ona görə ki, vaxtaşırı xəbərlərimdə DİN-in kiber cinayətkarlıqla bağlı məlumatlarını şəxsən özüm çatdırıram və birdən-birə də özüm qurbana çevrilirəm. İkincisi, İqbal Ağazadənin Ləman Ələşrəfqızıdan pul istəyə biləcəyi ehtimalının da sıfır olacağını bilə-bilə belə yanlışa yol verdim. Məni çaşdıran nə ola bilərdi əcəba? Deyim! Əvvəla, bu şəxs
"Xəstəxanadayam, kartımda pul yoxdur, 1-2 saata göndərirəm", - dedi.
Düşündüm, İqbal bəy bəlkə ərk edib, yaxın dostumuzdur, ola bilər, sabah eyni situasiyada mən də ona zəng edib yardım istəyə bilərəm.
İkincisi, adam kimdirsə, İqbal bəyin yazı tərzini, üslubunu əməllicə mənimsəyib, peşəkar dələduzdur. Nə isə... Allah bəlasını versin! Haramı olsun! Halallığı verilməyən puldan necə xeyir görə bilər? Zatən görməyəcək də.
Məsələni anladığımı bilən kimi adam teleqramını sildi. 600 manatlıq qəbzlər isə yəqin ki, bir ömür yaddaşımdan silinməz".
Jurnalist DİN Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevə də müraciət edib:
"Lütfən, məsələni nəzarətə götürün. Əziz dostlarım, sizə isə ağıl verməyəcəm. Zatən özüm ağılsız duruma düşmüşəm".
Xəzər
"Cebheinfo.az"

