Putinin vəfat edən dostunun milyardlıq əmlakları üzə çıxdı
Rusiyanın sabiq müdafiə naziri və Prezident Administrasiyasının keçmiş rəhbəri, dövlət başçısı Putinin yaxın dostu Sergey İvanovun ölümündən sonra ailəsinə məxsus olduğu iddia edilən milyardlarla rubl dəyərində əmlakla bağlı araşdırma dərc olunub.
Musavat.com xəbər verir ki, Rusiyada Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) mərhum Sergey İvanovun ailəsinə məxsus ümumi dəyəri təxminən 4,2 milyard rubl olan daşınmaz əmlak barədə araşdırma yayıb. Araşdırmaya görə, aktivlər arasında Moskvaətrafı Rublyovkada, Jukovka qəsəbəsində yerləşən və dəyəri 2 milyard rubldan çox qiymətləndirilən 2,7 min kvadratmetrlik malikanə, Dubaydakı W Residences kompleksində təxminən 480 milyon rubl dəyərində 926 kvadratmetrlik lüks apartament, həmçinin Moskvada bir neçə mənzil və Kalininqrad vilayətinin sahil zonasında torpaq sahəsi var.
FBK bildirir ki, Sergey İvanov 26 il dövlət qulluğunda çalışdığı müddətdə rəsmi olaraq biznes fəaliyyəti ilə məşğul olmayıb. Onun illik rəsmi gəliri bəyannamələrə əsasən 11–13 milyon rubl təşkil edib. Araşdırma müəlliflərinin fikrincə, ailəyə məxsus olduğu göstərilən daşınmaz əmlakın ümumi dəyəri sabiq məmurun rəsmi gəlirlərini dəfələrlə üstələyir.
Qeyd edək ki, Sergey İvanov bu həftə 73 yaşında vəfat edib. O, keçmiş SSRİ DTK-sında işlədiyi dövrdən etibarən Kremlin rəhbərliyi ilə yaxın münasibətləri olan şəxslərdən biri sayılırdı. İvanov uzun illər Rusiyanın müdafiə naziri və Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb, bir vaxtlar isə Kremlin mümkün varislərindən biri kimi göstərilirdi.
"Cebheinfo.az"

