“Onların Çakırı var, bizim Azikimiz”: Serial gəncləri kriminal aləmə həvəsləndirir? - VİDEO

“Onların Çakırı var, bizim Azikimiz”: Serial gəncləri kriminal aləmə həvəsləndirir? - VİDEO

"Mikrorayon" serialındakı "Azik" adlı personajının pərəstişkarları sosial şəbəkələrdə yeni trend yaradıblr: "Türklərin Çakırı varsa, bizim də Azikimiz var".

"Yeni Sabah" xəbər verir ki, serialdakı sözügedən obrazı bəzi izləyicilər "söhbət həll edən", avtoriteti kimi təqdim edir və bu xüsusiyyətlər bəzən müsbət keyfiyyət kimi qiymətləndirilir.

Mavi ekranda kriminal həyat tərzinin romantikləşdirilməsi, xüsusilə, gənclərə mümkün təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. 

Bəziləri "Mikrorayonu" bu cür obrazların populyarlaşdırıcısı olmaqda ittiham edir.

Mövzu ilə bağlı Azik rolunu canlandıran Orxan İsgəndərli danışıb.

O, “Pərvizə görə” proqramında bildirib ki, eyni obraza hər tamaşaçı fərqli gözlə baxır və bu, insanın dünyagörüşü ilə bağlıdır:

“Bu, hər bir insanın dünyagörüşündən və həyat təcrübəsindən asılıdır. Mənim canlandırdığım Azik obrazı açıq şəkildə mənfi, yəni antaqonist obrazdır. Amma elə insanlar ola bilər ki, bu obraza fərqli yanaşsın. Məsələn, cinayətə meyilli biri həmin obraza baxıb onu özünə yaxın hesab edə bilər. Sağlam düşüncəli tamaşaçı isə bunun mənfi obraz olduğunu və onun yolunun doğru olmadığını anlayacaq”.

O.İsgəndərli hesab edir ki, burada əsas məsuliyyət tamaşaçının üzərinə düşür:

“Düşünürəm ki, burada əsas məsuliyyət tamaşaçının üzərinə düşür. Azik obrazının formalaşması da müəyyən mənada tamaşaçı ilə birlikdə gedən yaradıcı proses idi. Mən aktyor kimi obraza öz şəxsi münasibətimi qatıb onun sərhədlərini dəyişməyi düzgün hesab etmirəm.

Ancaq kənardan, adi tamaşaçı kimi – Orxan olaraq baxanda görürəm ki, Azik çox yanlış addımlar atan, mənfi xüsusiyyətləri üstünlük təşkil edən obrazdır. Əlbəttə, hər insan kimi onun da müəyyən müsbət cəhətləri var. Lakin bu keyfiyyətlər onda çox azdır. Obrazın əsas xarakteri qəddarlıq və zorakılıq üzərində qurulub. Buna görə də hesab edirəm ki, sağlam düşüncəli tamaşaçı bu obrazdan düzgün nəticə çıxarmalıdır”.  

"Cebheinfo.az"