Dubayda inflyasiya kəskin artıb

Dubayda inflyasiya kəskin artıb

ABŞ və İran arasında yaşanan münaqişənin yaratdığı iqtisadi təsirlər fonunda Dubayda may ayında illik inflyasiya 5,5 %-ə çatıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin “The National” qəzeti “Emirates NBD Bank”-ın hesabatına istinadən məlumat yayıb.

Buna əsas səbəb yanacaq, nəqliyyat və ərzaq idxalı xərclərinin artması olub.Bankın baş iqtisadçısı Den Riçards bildirib ki, illik inflyasiyanın iyun ayında bir qədər də yüksələcəyi, lakin iyuldan etibarən neft qiymətlərinin enməsi və nəqliyyat axınlarının normallaşması nəticəsində qiymət təzyiqlərinin zəifləyəcəyi gözlənilir.

Bankın hesabatına görə, may ayında qeydə alınan 5,5%-lik inflyasiya əvvəlcədən proqnozlaşdırılan 5,4%-i cüzi şəkildə üstələyib və münaqişənin ən gərgin dövründə – aprel ayında qeydə alınan 4,8 %-dən xeyli yüksək olub.Riçards ilin sonuna qədər inflyasiyanın 2,9 %-ə qədər enəcəyini proqnozlaşdırır.

Bu arada, çərşənbə axşamı BƏƏ hökumət komitəsi qlobal enerji qiymətlərinin ucuzlaşmasını nəzərə alaraq benzinin pərakəndə satış qiymətini 14 %, dizel yanacağının qiymətini isə 17 % azaldıb.

Buna baxmayaraq, münaqişənin ən qızğın dövründə benzinin qiyməti 60 % artmışdı və hazırda yanacaq qiymətləri hələ də yanvar ayı ilə müqayisədə təxminən 35 % yüksəkdir. Riçardsın sözlərinə görə, istehlak səbətinin ən böyük hissəsini təşkil edən mənzil və kommunal xidmətlər (37,5 %) qiymət artımının əsas mənbələrindən biri olaraq qalır.

Münaqişənin başlanmasından sonra qida və içki məhsullarında da ciddi bahalaşma müşahidə edilib. İstehlak səbətində 9,6 % paya malik bu kateqoriyada illik inflyasiya aprel ayında 7,7 % olduğu halda, mayda 6,7 %-ə enib.

Mart və aprel aylarındakı kəskin artımdan sonra isə qiymətlər aylıq müqayisədə 0,4 % azalıb. Məlumata görə, otellər artan xərclərin bir hissəsini öz üzərinə götürərək tələbi qorumağa çalışır.

Bütün bunlara baxmayaraq, Dubay iqtisadiyyatı bəzi analitiklərin gözlədiyi ciddi böhrandan yayınmağı bacarıb. Mənzil bazarında satışlar və kirayə haqları ümumilikdə sabit qalsa da, bir çox sakin ev sahiblərinin müqavilələrin yenilənməsi zamanı kirayə qiymətlərini artırdığını bildirir.

Aişə Abdulova
“Cebheinfo.az”