Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir?

Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir?

Azərbaycanda kriptovalyutalar bazarının hüquqi tənzimlənməsi istiqamətində mühüm addım atılır.

Azərbaycan Mərkəzi Bankı (AMB) kriptovalyutalar haqqında qanunun ilin sonunadək qəbul ediləcəyini gözləyir. Bununla yanaşı, qurum "Open Banking" (“Açıq bankçılıq”) layihəsinin genişləndirilməsi və maliyyə sektorunda süni intellekt texnologiyalarının tətbiqini yeni strateji prioritetlər sırasında müəyyənləşdirib.

Bu barədə Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi məlumat verib.

O bildirib ki, Mərkəzi Bank kriptoaktivlər bazarının tənzimlənməsini nəzərdə tutan qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim edib.

Onun sözlərinə görə, virtual aktivlər bazarının hüquqi tənzimlənməsi Mərkəzi Bankın mühüm təşəbbüslərindən biridir və indiyədək bu sahə ölkədə tənzimlənməyib.

Maraqlıdır, Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir ki, bunu qanuniləşdirməyə ehtiyac duyulur?

Mövcud vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert İlkin Məmmədkərimov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kriptovalyutaya maraq son illərdə nəzərəçarpacaq dərəcədə artıb:

“Minlərlə Azərbaycan vətəndaşı beynəlxalq kriptovalyuta platformaları vasitəsilə rəqəmsal aktivlərin alqı-satqısı ilə məşğul olur.

Bununla yanaşı, bu bazar indiyədək xüsusi qanunla tənzimlənmədiyi üçün həm investorların hüquqlarının qorunması, həm də vergitutma, “çirkli pullar”ın yuyulmasına qarşı mübarizə və maliyyə təhlükəsizliyi baxımından hüquqi boşluqlar mövcud idi.

Yeni qanunun qəbulunda əsas məqsəd kriptovalyutanı təşviq etməkdən daha çox, sürətlə böyüyən bazarı dövlət nəzarətinə cəlb etmək, fəaliyyət qaydalarını müəyyənləşdirmək və investorlar üçün daha şəffaf, təhlükəsiz hüquqi mühit yaratmaqdır”.

O qeyd edib ki, bu addım həm də Azərbaycanın qlobal maliyyə texnologiyaları bazarına inteqrasiyasını sürətləndirə və ölkəyə innovativ investisiyaların cəlb olunmasına müsbət təsir göstərə bilər.

Aişə Abdulova
“Cebheinfo.az”