Hazır əriştələrdə salmonella təhlükəsi: Yoluxanların sayı 100-ü keçdi

Hazır əriştələrdə salmonella təhlükəsi: Yoluxanların sayı 100-ü keçdi

Avropada toyuq aromalı hazır əriştə məhsulları ilə əlaqəli salmonella yoluxmalarının sayı 100-ü ötüb.

“Cebheinfo.az” xəbər verir ki, əsasən uşaqlar arasında yayılan epidemiya səbəbindən onlarla insan xəstəxanaya yerləşdirilib.

Mütəxəssislər sosial mediada trendə çevrilən bu məhsulların çiy, yəni isti su əlavə edilmədən istehlak edilməsinin təhlükəli olduğunu bildirirlər.

“AP News”-un məlumatına görə, 2025-ci ilin noyabr ayından etibarən Avropa İttifaqı ölkələri və Böyük Britaniyada qeydə alınan 100-dən çox yoluxma halının əksəriyyəti uşaqların payına düşür.

Səhiyyə qurumları epidemiyanın mənbəyini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir və istehlakçılara məhsulları qablaşdırmada göstərilən qaydada hazırlamağı tövsiyə edir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) ilə Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) birgə araşdırmasına əsasən, 2025-ci ilin noyabr ayından bəri Avropa İttifaqının 13 ölkəsində və Böyük Britaniyada ümumilikdə 106 təsdiqlənmiş salmonella yoluxması qeydə alınıb.

Araşdırmalar göstərir ki, yoluxmaların mənbəyi müəyyən bir istehsalçıya məxsus toyuq ətirli hazır əriştələr ola bilər. Almaniya və Litvada satışda olan bəzi məhsul nümunələrində epidemiyaya səbəb olan “Salmonella Stanley ST2045” bakteriyası aşkar edilib.

Səlahiyyətli qurumlar geri çağırılan məhsulların eyni istehsalçı ilə əlaqəli olduğunu ehtimal edir və digər ölkələrdə də araşdırmalar davam etdirilir.

Həmçinin, araşdırmalar zamanı diqqətçəkən bir məqam da üzə çıxıb. Belə ki, bəzi uşaqlar hazır əriştəni qablaşdırmada göstərilən hazırlanma qaydasına əməl etmədən, isti su əlavə etmədən və hətta ədviyyatını da qatmadan çiy şəkildə yeyiblər.

Mütəxəssislər vurğulayırlar ki, bu məhsullar istehsalçının təlimatına uyğun şəkildə tam hazırlanaraq istehlak edilməlidir. Onların çiy halda yeyilməsi salmonella infeksiyasına yoluxma riskini əhəmiyyətli dərəcədə artırır.

Qeyd edək ki, salmonella bakteriyası ilə çirklənmiş qidaların qəbulu nəticəsində yaranan qida mənşəli infeksiyadır.

Xəstəliyin əsas əlamətləri ishal, qarın ağrısı və spazmları, qızdırma, ürəkbulanma və qusmadır.

Simptomlar adətən bakteriyaya yoluxduqdan 6 saat-5 gün sonra meydana çıxır və əksər hallarda xəstəlik təxminən bir həftə ərzində öz-özünə sağalır.

Lakin azyaşlı uşaqlarda, yaşlılarda, hamilə qadınlarda və immun sistemi zəif olan şəxslərdə infeksiya daha ağır keçə bilər.

Səhiyyə orqanları salmonelladan qorunmaq üçün qidaların kifayət qədər bişirilməsini, əl gigiyenasına ciddi riayət olunmasını və xəstəlik əlamətləri olan şəxslərin başqaları üçün yemək hazırlamamasını tövsiyə edir.

Əfsanə 
“Cebheinfo.az”