Qalib ölkənin müzəffər lideri: Prezidentə yüksək etimad
Medianın İnkişafı Agentliyi (MEDİA) 2026-cı ilin ilk yarısında Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə sorğu keçirib.
Agentliyin yaydığı məlumata görə, sorğunun nəticələri dövlət başçısının siyasətinə yüksək ictimai dəstəyi ortaya qoyub.
Rəyi soruşulanların 93,6 faizi Prezidentin fəaliyyətini müsbət dəyərləndirdiyini bildirib. Ümumilikdə, respondentlərin 87,7 faizi İlham Əliyevə etimad etdiyini qeyd edib.
Bu, hər 10 nəfərdən təxminən 9-nun dövlət başçısına inandığını göstərir. Sorğu iştirakçılarının seçki ilə bağlı mövqeyi də yüksək dəstəyi təsdiqləyir.
Belə ki, əgər prezident seçkiləri növbəti bazar günü keçirilsəydi, respondentlərin 91,5 faizi öz səsini İlham Əliyevə verəcəyini bəyan edib.
Bundan əlavə, rəyi soruşulanların 81,9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider hesab edir.
Tədqiqatçılar bu göstəricidə ötən dövrlərlə müqayisədə artım dinamikasının qeydə alındığını vurğulayır. Həmin nəticələrlə tanış olan ictimaiyyət nümayəndələri, ziyalılar sorğunun nəticələrinin ölkə başçısına olan etimadı tamamilə doğru əks etdirdiyini bilidirirlər.
Millət vəkili Elşad Musayev “Cebheinfo.az”-a bildirib ki, MEDİA-nın açıqladığı sorğunun nəticələrinə görə, cənab Prezidentin reytinqi həddindən artıq yüksəkdir:

“Bu da ilk növbədə onunla bağlıdır ki, ölkə Prezidenti İlham Əliyev Vətən müharibəsində qalib gəlmiş bir dövlət başçısıdır. Azərbaycan ərazilərini işğalçılardan azad edən bir Prezidentin təbii ki, reytinqi belə yüksək olmalı idi.
Sonrakı mərhələdə, 44 günlük müharibə başa çatdıqdan, Xankəndi və ətraf bölgələrdə antiterror əməliyyatlardan sonra Azərbaycana qarşı çox sayda ciddi təzyiqlər oldu.
Bu təzyiqlərin qarşısında da cənab İlham Əliyev duruş gətirə bildi. Ondan sonra ölkənin ayrı-ayrı sahələri ilə bağlı müəyyən işlər görmək lazım gəldi ki, ölkə başçısı ümumilikdə bu işlərə rəhbərlik edir.
Təsadüfi deyil ki, bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir. Eləcə də Avropa İttifaqının 10 ölkəsi ilə strateji əməkdaşlıq edir.
Bundan başqa bugünlərdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri oldu və bu səfər aydın göstərdi ki, Azərbaycanın Avropaya inteqrasiyası getdikcə artacaq.
Yəni bizim həm beynəlxalq əlaqələrimiz güclənir, həm də Ermənistanla sülhə yaxınlaşırıq. Eyni zamanda iqtisadi sahədə məsələlərimiz də öz həllini tapır.
Bütün bu işlərə də rəhbərlik edən cənab İlham Əliyevdir. Ona görə də sorğunun nəticələrinə əsasən ölkə başçısının reytinqinin yüksək olması heç də təəccüblü deyil”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

