Avtomobil icarəsinə yeni qaydalar gəlir
Azərbaycanda avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və bu sahədə əməliyyatların rəqəmsallaşdırılması istiqamətində normativ hüquqi akt layihələri hazırlanır.
Yeni yanaşma çərçivəsində avtomobil icarəsi xidmətlərinin daha şəffaf və effektiv təşkili, həmçinin bazarda vahid qaydaların tətbiqi nəzərdə tutulur. Layihələr üzrə sənədlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə cari ilin sonuna qədər razılaşdırılması prosesi davam etdirilir.
İcarə xidmətlərinin rəqəmsallaşdırılması vətəndaşlara hansı üstünlükləri qazandıracaq?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtomobil icarəsi sahəsində vahid qaydaların tətbiqi bazarda sağlam rəqabətin formalaşmasına töhfə verəcək:

“Bu yanaşma qeyri-rəsmi fəaliyyətin azalmasına, şəffaflığın artmasına və xidmət standartlarının yüksəlməsinə şərait yaradacaq. Nəticədə şirkətlər daha keyfiyyətli xidmət göstərməyə təşviq olunacaq, istehlakçılar isə qiymət və keyfiyyət baxımından daha əlverişli seçim imkanları əldə edəcəklər”.
Bununla yanaşı, sahənin rəqəmsallaşdırılması avtomobil icarəsi xidmətlərini daha şəffaf və təhlükəsiz edəcək:
“Müqavilələrin elektron qaydada rəsmiləşdirilməsi, məlumatların vahid bazada qeydiyyata alınması və əməliyyatların izlənilməsi həm vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına, həm də xidmətlərə çıxışın asanlaşmasına imkan yaradacaq”.
Gülər Həsənli
“Cebheinfo.az”

