Təmayül məktəblərdə də müəllimlər işsiz qalacaq? - RƏSMİ
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.
Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunur, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradır. Yeni təmayül tədris modeli Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsini əhatə edəcək.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə yayılan məlumata görə, təmayül məktəbdə işləyən müəllimlərin il sonunda nəticələri yaxşı olmadıqda işinə xitam verilir.
Bu nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məktəblərdə işləmək üçün seçilən müəllimlər peşəkarlığı, metodiki səriştəsi, öyrətmə bacarığı ilə fərqlənən müəllimlər olacaq:
“Buna görə də onların şagirdlərinin aşağı nəticə göstərməsi nadir hallarda baş verə bilər. Müddətli əmək müqaviləsi ilə işə cəlb edilmiş müəllimlərin abituriyent göstəricilərində ciddi problemlər aşkar olunarsa, onlarla bağlanmış müddətli əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq yenilənməyə bilər.
Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar.
Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

