Siyasi iradə, strateji baxış, idarəçilik bacarığı: İnkişafda Mehriban Əliyeva faktoru
Dünya sürətlə yeni çağırışlara uyğunlaşdığı bir zamanda Azərbaycan bu prosesdən kənarda qalmamaq, əksinə, ondan irəli gələn tələblərin elmi, iqtisadi, sosial təməllər üzərində qurulması istiqamətində önəmli addımlar atır.
Ölkələrin sosial-iqtisadi, mədəni-elmi inkişafı böyük ölçüdə rəqəmsal inkişaf bacarıqlarına keyfiyyətlə və sürətlə yiyələnməkdən, bu sahəni dövlətin prioritetlərindən biri elan etməklə, bu istiqamətdə əsaslandırılmış və əsaslı tədbirlərin icrasından keçir.
Aparılan araşdırmalar və statistika göstərir ki, rəqəmsal inkişaf iqtisadiyyatın, texnologiyanın müxtəlif sahələrinə nüfuz etməklə kifayətlənməyib, dövlət idaretməsində də öz yerini tutduqca, ölkənin təhlükəsizliyi, iqtisadi inkişafında olduğu kimi, əhalinin rifah halının yüksəlməsində də özünü göstərir.
Dünya Bankının 2023-cü ildə təqdim etdiyi hesabata görə, rəqəmsal texnologiyaların geniş tətbiqi ölkələrin ÜDM artımında orta hesabla 1,5–2,0 faizlik əlavədə özünü göstərir. Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına əsasən, genişzolaqlı internetin yayımının 10 % artması ÜDM-in təxminən 1,3 % yüksəlməsinə səbəb olur.
Avropa Komissiyasının məlumatına görə isə rəqəmsallaşma səviyyəsi yüksək olan ölkələrdə məhsuldarlıq artımı digər ölkələrlə müqayisədə 20–25 % daha yüksək olur. Bunlar sadəcə rəqəmlər deyil, həm də ölkələrin qarşılarına qoyduqları hədəflərə çatmaları üçün istinad etdikləri mənbələrdir.
Azərbaycan da zamanın bu tələbinə uyğunlaşaraq təkcə istehsalda, iqtisadiyyatda texnoloji yenilənmə ilə kifayətlənmir, bu inkişafı yüksək səviyyədə dəstəkləmək üçün dövlət idarəçiliyində rəqəmsal transformasiyanın tətbiqini zəruri hesab edir.
Məqsəd Azərbaycanı rəqəmsal inkişaf baxımından rəqəbətədavamlı ölkə etməklə yanaşı, regionun aparıcı dövlətlərindən birinə çevirməkdir.
Bu ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanın yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirənin keçirilməsi, 27 fevral 2026-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması, Birinci vitse-prezident Mehriban Əliyevanın yeni yaradılan bu quruma rəhbər təyin edilməsi dövlətin bu istiqamətdə məqsədyönlü, sistemli, eyni zamanda iqtisadi inkişafı təmin edəcək şaxələndirillmiş strategiyaya malik olmasından xəbər verir.

“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da məhz qarşıya qoyulan bu məqsədə çatmaq üçün Yol xəritəsidir.
Fəaliyyət Planı ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqinin və yerli istehsal potensialının genişləndirilməsi, eləcə də dövlət idarəetməsinin və infrastrukturun yüksək səviyyədə rəqəmsallaşdırılması əsasında dayanıqlı, rəqabətqabiliyyətli inkişafın təmininə xidmət edəcək.
Azərbaycanın rəqəmsal gələcəyinin qurulması üçün bütün zəruri məqamların yer aldığı Fəaliyyət Planının icrasına nəzarətin təminində Rəqəmsal İnkişaf Şurasının oynayacağı rolu nəzərə alsaq, bu mühüm vəzifənin Birinci vitse-prezident Mehriban Əliyevaya həvalə olunması dövlət başçısı İlham Əliyevin ölkənin rəqəmsal inkişafı üzərində qurulmasına böyük inamından qaynaqlanır.
Texnoloji inkişaf təkcə zamanın tələbi deyil, həm də insan həyatını müsbət yöndə kökündən dəyişdirə biləcək bir qüvvəyə malik müasir sxemdir. Bu sxemin müasir dövrə uyğun dəqiqliklə işləməsi və ölkənin inkişafına, rəqəmsal gələcəyinə xidmət edəcək sistemin formalaşdırılmasının məhz Mehriban Əliyevaya həvalə edilməsi dövlətin qarşıya qoyduğu məqsədin prioritet olmasından xəbər verir.
Rəqəmsal İnkişaf Şurasının birinci iclasında sədr Mehriban Əliyevanın çıxışındakı məqamlar Azərbaycanın texnoloji və rəqəmsal inkişafına dövlətin böyük diqqət ayırmasının göstəricisidir.
Bu ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanın yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirədə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol Xəritəsinin müəyyən olunduğunu vurğulayan Birinci vitse-prezident bildirib ki, qurumun əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir:
“Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”.
Mehriban Əliyevanın da qeyd etdiyi ki, süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. O, dövlətlərin təhlükəsizliyinin təmin edilməsində də əsas rollardan birinə sahibdir.

Mehriban Əliyevanın Azərbaycanın bu texnologiya yarışında inkişaf etmiş dövlətlərdən geri qalmaması, öz rolunu artırması, digər sahələrdə olduğu kimi, bu sahədə də regionun lider dövlətinə çevrilməsi kimi mühüm istiqamətlərə bir yerdə aparıcı xətt üzrə rəhbərlik etməsi bu proritetin tez bir zamanda öz müsbət nəticələrini verəcəyinin qarantıdır.
Prezidentin müəyyən etdiyi siyasi strategiyanın həyata keçirilməsi və dövlətin inkişafında mühüm istiqamətlərdən biri də Mehriban Əliyevanın rəhbərik etdiyi bütün sahələrdə uğurlara imza atmasıdır.
"Yeniləşən Azərbaycana yeni məktəb", səhiyyə ocaqlarının yenidən qurulması, uşaq evlərinə və internat məktəblərinə dəstək, Azərbaycan mədəniyyətinin təbliği, milli ədəbiyyat layihələri, Qarabağda mədəni-dini abidələrin bərpası, parlamentdə amnistiya aktı kimi humanist, insan həyatının, cəmiyyətin müsbət yöndə dəyişdirilməsinə yönəlik təşəbbüslər kimi bir çox mühüm istiqamətlərdə xüsusi təşəbbüsü və yanaşması olan Mehriban Əliyevanın sonrakı dövrlərdə dövlət idarəçiliyində Birinci vitse-prezident kimi mühüm bir post tutması təkcə humansit və xeyirxah əməllər sahibi kimi yox, həm də siyasi-ictimai fəaliyyəti ilə diqqəti çəkən dövlət adamı olmasının göstəricisidir.
Xüsusilə Azərbaycan torpaqlarının işğaldan azad edilərək suverenliyinin bərpa edildiyi 44 günlük müharibə dönəmində şəhid ailələri, qazilər, müharibə iştirakçıları ilə mütəmadi görüşlər, işğaldan azad edilən torpaqlarda həyata keçirilən layihələr, xarici ölkələrdəki görüşlər Mehriban Əliyevanın mühüm dövlət adamı olaraq, dövlətin inkişaf strategiyasının icrasında hansı işlər gördüyünü bir daha nümayiş etdirir.
Mehriban Əliyevaya xas olan bu xüsusiyyətlər sonrakı dönəmlərdə Azərbaycan dövlətinin rəqəmsal inkişafı kimi çağdaş, mühüm vəzifənin icrasının təşkili və bu istqamətdə dövlətimizin yeni uğurlar qazanacağına əminlik yaradır.

Birinci vitse-prezidentin Rəqəmsal İnkişaf Şurasının birinci iclasındakı çıxışında dediyi kimi, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır:
“Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq”.
Rəqəmsallaşma və süni intellektin yaratdığı yeni çağırışların düzgün qiymətləndirilməsi, bu sahələrdə milli maraqların və milli təhlükəsizliyin qorunması ən mühüm məsələdir. Azərbaycan Mehriban Əliyevanın güclü siyasi iradə, strateji baxış, yüksək idarəçilik bacarığı ilə bu sahədə də uğur qazanacaq və regionun əsas dövlətinə çevriləcək.
“Cebhe.info” Xəbər Portalı Analitik Qrupu

