Kremldən sifariş gəldi: Karapetyan Paşinyana qarşı “silah” götürdü
Rusiyalı milyarder, hazırda ev dustaqlığında olan Samvel Karapetyanın liderlik etdiyi “Güclü Ermənistan” bloku parlamentin fəaliyyətinə qatılmaq qərarına gəlib.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan açıqlama verib. O, küçə mübarizəsini birləşdirmək və Milli Məcliin işində iştirak etmək üçün parlament mandatlarını götürmək niyyətində olduqlarını deyib.
Bu barədə sosial media səhifəsində sualları cavablandıran Narek Karapetyan öz çıxışında müxalifətin imtiyazlar üçün parlamentə girməsi ilə bağlı ittihamları qəbul etməyib. Onun sözlərinə görə, parlament mandatı yalnız siyasi mübarizə üçün bir vasitədir və ciddi təzyiqlə bağlıdır.
Narek Karapetyanın sözlərinə görə, müxalifət üçün parlamentdə olmaq hakimiyyətdən zövq almaq imkanı deyil, yeni problemlər və risklər deməkdir. Karapetyan, həmçinin son seçkilərin qanunsuzluğunu nümayişi üçün Milli Məclisi boykot etmək çağırışlarına da münasibət bildirib. O qeyd edib ki, beynəlxalq strukturlar səsvermədən əvvəl müxalifət nümayəndələrinin kütləvi həbslərinə məhəl qoymayıblar.
Onun fikrincə, Qərb geosiyasi səbəblərdən pozuntulara göz yumur, Ermənistanı böyük dövlətlərə qarşı bir çəki kimi istifadə etməyə və onu yeni Ukraynaya çevirməyə çalışır.
Karapetyan ölkədə real siyasi dəyişikliklərin küçə etirazları və parlamentdə iştirak edən güclü müxalifətin iştirakının ağıllı kombinasiyasını tələb etdiyinə inandığını bildirib. Onun fikrincə, bu, hakimiyyətin qanuni şəkildə dəyişdirilməsi mexanizmlərinin lazımi anda işə salınmasına imkan verə bilər.
Xatırladaq ki, iyulun 4-də Ermənistan Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının qərarını qüvvədə saxlayaraq, son seçkilərin nəticələrini etibarsız hesab etmək istəyən müxalifət qüvvələrinin iddialarını təmin etməyib.
İyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən mandat qazanan sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku da parlamentdə təmsil olunmaq qərarı verib. “Mandat silahdır, ondan könüllü imtina etmək dövlətimizə və seçicilərimizə qarşı məsuliyyətsizlik olardı”,- deyə blokun yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, Samvel Karapetyan bir neçə gün öncə verdiyi açıqlamada müxalifət liderlərindən biri ilə görüşərək mühüm razılaşma əldə etdiyini demişdi. Lakin Karapetyan kiminlə görüşdüyünü və aparılan müzakirələrin təfərrüatlarını gizli saxlamışdı.
Eyni zamanda, “Güclü Ermənistan” Partiyasının sədri seçicilərin 60 faizinin parlamentdə iştirak etmək tərəfdarı olduğunu, 40 faizinin isə məsələyə emosional yanaşaraq boykota üstünlük verdiyini söyləyib. Karapetyanın bütün bu açıqlamaları fonunda müxalifətin son addımları razılaşmanın parlamentin fəaliyyətinə qatılmaqdan ibarət olduğunu göstərir.
Karapetyan öz mövqeyini əsaslandırmaq üçün seçicilərin əksəriyyətinin müxalifətin parlamentdə təmsil olunmasını istədiyini dilə gətirib. Müxalifət liderlərinin görüşünün isə Samvel Karapetyanla Robert Köçəryan arasında keçirildiyi aydın olur.
Samvel Karapetyan Ermənistan Milli Məclisində 29 mandatla ana müxalifət yerini əldən vermək istəmir. Eyni zamanda, o, çox güman ki, Köçəryanın parlament mübarizəsi ilə yanaşı, küçə etirazları taktikasına dəstək vermək təklifini qəbul edib.
Köçəryan və onun əsasən daşnaklardan ibarət “Ermənistan” bloku hakimiyyətə yalnız parlament müstəvisində təzyiqin ciddi nəticə verməcəyini hesab edir. Ona görə də Köçəryanın komandası daha radikal mübarizə vasitəsi kimi etiraz aksiyaları keçirməyi, yəni Paşinyan hökumətinə qarşı daxildən və xaricdən paralel hücum taktikasını təklif edir.
Lakin bu prosesdə Köçəryanın güclü sosial bazası olan siyasi qüvvənin dəstəyinə ehtiyacı var. Paşinyan hökumətinin sistemli təzyiqləri nəticəsində Erməni Apostol Kilsəsi zəiflədilib və siyasi proseslərə təsir imkanı əlindən alınıb. Bu baxımdan, sonuncu parlament seçkilərində ən çox səs yığmış müxalifət bloku kimi “Güclü Ermənistan” Köçəryanın əlini gücləndirə bilər.
Digər tərəfdən, parlamentin iclaslarında iştirak sifarişinin Rusiyadan gəldiyi istisna edilmir. Seçkidən əvvəl bir-birinə güzəştə getmək istəməyən Samvel Karapetyanla Robert Köçəryanın indi yaxınlaşması parlamentdə 41 deputat yerinə malik müxalifəti Paşinyan hakimiyyətinə qarşı təşkilatlandırmaq planlarından xəbər verir.
Parlamentin yeni tərkibində çoxluq Nikol Paşinyanın liderlik rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 64 manatla çoxluğu qazanıb ki, bu da ona hökuməti təkbaşına fomalaşdırmaq imkanı verir. Yəni müxalifətin hakimiyyəti dəyişmək imkanı yoxdur.
Rəsmi Moskva böyük ehtimalla Paşinyanla əməkdaşlığı davam etdirəcək. Lakin müxalifət vaxtaşırı Paşinyana qarşı impiçment məsələsini gündəmə gətirməklə və Ermənistan rəhbərliyinin Rusiyanın geosiyasi maraqlarına zidd olan qanunvericilik təşəbbüslərini əngəlləməklə Kremlin işinə yaraya bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”

