Psixoloq: "Qadın anlayır ki, zorakılıq onun taleyi deyil"

Psixoloq: "Qadın anlayır ki, zorakılıq onun taleyi deyil"

“Məişət zorakılığı, insan alveri və müxtəlif istismar formalarına məruz qalan qadınların yaşadığı travma təkcə fiziki deyil, həm də dərin psixoloji izlər buraxır”. 

Bunu “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib. 

O bildirib ki, təşkilata müraciət edən hər bir qadının hekayəsi fərqli olsa da, onları birləşdirən ortaq cəhətlər qorxu, ümidsizlik və özünəinamın itirilməsidir:

“Müraciət edən qadın ilk gündən təhlükəsiz və mühakimə olunmadığı bir mühitlə qarşılaşır. Onun hekayəsi diqqətlə dinlənilir, ehtiyacları qiymətləndirilir və fərdi dəstək planı hazırlanır. Bu prosesdə əsas məqsəd yalnız problemi dinləmək deyil, qadının yenidən öz həyatına nəzarət edə bilməsi üçün ona yol göstərməkdir.

Təşkilatımızda göstərilən xidmətlər kompleks xarakter daşıyır. Qadınlar psixoloji konsultasiya ilə yanaşı, hüquqi məsləhət alır, hüquqlarını öyrənir, zəruri hallarda aidiyyəti qurumlara yönləndirilir və sosial dəstək imkanlarından faydalanırlar. Bu xidmətlərin birlikdə həyata keçirilməsi onların həyatında daha davamlı və müsbət dəyişikliklər yaradır”. 

Samirə İsmayılova əlavə edib ki, zorakılıq qurbanı olan qadınlar zamanla özlərinə inamlarını bərpa edə bilirlər:

“Psixoloji seansların ilk mərhələsində qadınların əksəriyyətində yüksək narahatlıq, güclü günahkarlıq hissi, özünü dəyərsiz hesab etmə, gələcəklə bağlı ümidsizlik və qərar verməkdə çətinlik müşahidə olunur. Bəziləri uzun müddət zorakılıq yaşadığı üçün bunu həyatın dəyişməz bir hissəsi kimi qəbul etmiş olur. 

Seanslar davam etdikcə, qadın öz emosiyalarını tanımağı, onları sağlam şəkildə ifadə etməyi və travmanın təsirlərini anlamağı öyrənir. Özünə inam tədricən bərpa olunur, qorxu hissi azalır, qərarvermə bacarığı güclənir və gələcəklə bağlı ümid hissi formalaşmağa başlayır. 

Ən önəmlisi isə qadın anlayır ki, zorakılıq onun taleyi deyil və təhlükəsiz, ləyaqətli həyat yaşamaq hər bir insanın haqqıdır”.

Psixoloq vurğulayıb ki, zorakılıq qurbanlarında ən dəyərli dəyişiklik ümidin geri qayıtmasıdır:

“Praktik müşahidələr göstərir ki, psixoloji və hüquqi dəstəyin paralel şəkildə göstərilməsi reabilitasiya prosesini daha effektiv edir. Hüquqlarını bilən və emosional cəhətdən güclənən qadın artıq özünü müdafiə etməyə, sağlam sərhədlər qoymağa və gələcəyi üçün daha sağlam qərarlar verməyə başlayır. 

Bir psixoloq olaraq müşahidə etdiyim ən dəyərli dəyişiklik qadınların üzündə yaranan sakitlik və ümiddir. İlk görüşdə göz təması qurmaqdan çəkinən, səssiz danışan, daim qorxu içində olan qadınların sonrakı görüşlərdə inamla danışması, gülümsəməsi və gələcək planlarından bəhs etməsi göstərilən xidmətlərin real nəticəsidir”.

Samirə İsmayılova qeyd edib ki, fəaliyyətimiz qadınların gələcəyini daha təhlükəsiz qurmasına xidmət edir:

“Təşkilatımızın fəaliyyəti yalnız bir problemə müdaxilə etməkdən ibarət deyil. Məqsəd qadının psixoloji sağlamlığını bərpa etmək, hüquqlarını qorumaq, sosial həyata yenidən inteqrasiyasını dəstəkləmək və onun gələcək həyatını daha təhlükəsiz qurmasına yardım etməkdir. 

Hər bir dəstək göstərilən qadın təkcə bir müraciətçi deyil. O, yenidən həyata inanmağa çalışan, öz gücünü kəşf edən və cəmiyyətə daha sağlam şəkildə qayıdan bir fərddir. Məhz bu dəyişiklik təşkilatımızın fəaliyyətinin ən böyük uğuru və ən qiymətli nəticəsidir”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”