“Tat folkorundan seçmələr” kitabı üzərində işlər yekunlaşır

“Tat folkorundan seçmələr” kitabı üzərində işlər yekunlaşır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə  vəsaiti hesabına və “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin icra etdiyi  “Folklorumuzu yaşadaq: tat folklor kollektivlərinə dəstək” layihəsi çərçivəsində nəşr ediləcək “Tat folkorundan seçmələr” kitabı üzərində artıq işlər yekunlaşmaqdadır.

Kitabçada əsasən 3 ləhcədə yaranmış, yayılmılş və hazırda da yaşadılan folklor nümunələrinin az bir qismi toplanıb. Kitabın tərtibi zamanı tərtibçi mütəmadi olaraq tat dilinin müxtəlif ləhcələrinin nümayəndələri ilə üz-üzə görüşüb, bəziləri isə telefonla əlaqə saxlayaraq kitabda yer almış folklor örnəklərini toplayıb. Folklor materiallarının toplanması və sistemləşdirilməsi zamanı Cənub ləhcəsi üzrə Əliyev Maarif (Lahıc) və İshaq Mövlamov (Lahıc), Mərkəz ləhcəsi üzrə Fuad Sultanov (Suraxanı), Ağasıyev Bayram (Şabran) və Ağacamal Sultanov (Xızı), Şimal ləhcəsi üzrə isə Fazil Tağıyev (Quba), və Kəbirov Niyaməddinin (Quba) yardımından faydalanıb.

Bəzi folklor nümunələri ləhcələrdən asılı olaraq fərqli variantlarda verilib. Kitabda verilmiş folklor örnəklərində ortaq mövzu, janr və bədii özəlliklər görmək mümkündür. Bu faktın özü tat dilli folklorun ortaq köklərə malik olduğunu deməyə əsas verir.

Toplanmış folklor nümunələri həcmindən, formasından və dil xüsusiyyətlərindən asılı olmayaraq onu yaratmış xalqın etnopsixoloji xüsusiyyətlərini dolğun şəkildə əks etdirir.  Burada verilmiş əfsanə, rəvayət, nağıl, lətifə, tapmaca, düzgü, bayatılar, nəğmə və mahnılar, atalar sözləri və məsəllərin hər biri janr xüsusiyyətlərini qorumaqla bərabər, ümumAzərbaycan folklorunun tərkib hissəsidir. Hər bir folklor örnəyi ölkəmizin folkor xəzinəsini zənginləşdirir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə yaşayan bütün azsaylı xalqların dil və mədəniyyət ənənələrinə hörmət ruhu həmişə üstün olmuş, həmin xalqların dillərinin məktəblərdə tədrisi, bu dillərdə kitabların nəşri üçün geniş imkanlar yaradılıb. “Tat folklorundan seçmələr” kitabı dövlətimizin tolerantlıq və multikulturalizm əsasında həyata keçirilən milli siyasətinin real təzahürüdür.

"Cebheinfo.az"