Süni mayalanma üçün 50 manat tələb olunur?
Son günlər sosial şəbəkələrdə fermerlərin bölgələrdə heyvandarlıqla bağlı üzləşdiyi problemlər öz əksini tapır.
Həmin problemlərdən biri kimi göstərilir ki, rayonlarda fərdi təsərrüfatlarda Dövlət Aqrar İnkişaf Mərkəzlərinin tabeliyində olan Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən süni mayalanma xidmətinin göstərilməsi üçün heyvan sahiblərindən 50 manat vəsait alınması ilə bağlı ciddi narazılıqlar var.
Qeyd edilib ki, süni mayalanma tədbirlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrıldığı halda fermerlərin əlavə ödəniş etməyə məcbur qalması qəbuledilməzdir:
"Dövlət dəstəyi fermerin yükünü azaltmalı olduğu halda, bəzi yerlərdə vəziyyət tam əksinədir.
Kəndlinin və fermerin hesabına əlavə gəlir əldə edilməsi cəhdləri aqrar sahədə aparılan dövlət siyasətinə və ayrılan büdcə vəsaitlərinin məqsədinə ziddir. Bu cür halların qarşısı alınmalı, məsul şəxslərin fəaliyyəti ciddi nəzarətdə saxlanılmalıdır".
Doğrudanmı, bölgələrdə süni mayalanma xidmətinin göstərilməsi üçün heyvan sahiblərindən 50 manat tələb olunur?
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən “Cebheinfo.az”-a bildirilib ki, onlar özəl baytarlıq xidmətləri olduğu üçün qiymət məsələlərini öz mütəxəssisləri tənzimləyir:
“Əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə nazirlik tərəfindən 100 manat həcmində subsidiya verilir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

