Ermənistanda müxalifət liderinin evində axtarış aparıldı
İyulun 6-sı səhər tezdən Ermənistanın İstintaq Komitəsi müxalif “Çiçəklənən Ermənistan” partiyasının (ÇEP) sədri Qaqik Tsarukyanın evində axtarış aparıb.
“Cebheinfo.az” xəbər verir ki, müxalifət liderinin evi silahlı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Əraziyə buraxılmadıqlarını deyən vəkillər bunu hüquqlarının kobud şəkildə pozulması hesab edirlər.
Yerli medianın məlumatına görə, axtarışlar çirkli pulların yuyulması iddiasına dair cinayət işi ilə bağlıdır.
İstintaq Komitəsinin nümayəndələri proseslə bağlı məlumatı rəsmi olaraq təsdiqləsələr də, detalları açıqlamaq istəməyiblər və bu barədə sonra ətraflı açıqlama verəcəklərini bildiriblər.
“Çiçəklənən Ermənistan” partiyasının deputatlığa namizədi Arman Abovyanın sözlərinə görə, bina təhlükəsizlik forması geyinmiş və avtomat silahlı insanlarla əhatəyə alınıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binaya girişi bağlayaraq Tsarukaynın müdafiəçilərinin hüquqi yardım göstərmək üçün içəri girməsinə mane olublar.
Mənbələr həmçinin, Tsarukyanın rəhbərlik etdiyi Ermənistan Milli Olimpiya Komitəsinin bazasında paralel istintaq hərəkətlərinin aparıldığını bildirir.
Qeyd edək ki, hazırkı axtarışlar Tsarukyana qarşı son ittihamlar fonunda aparılır.
İyunun 9-da ona qarşı külli miqdarda vergidən yayınma ittihamı ilə cinayət işi başlanıb və bundan sonra ÇEP sədrinin ölkədən çıxışı qadağan edilib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

