Günəşdə 30-dan çox partlayış baş verib
İyulun 5-də Günəşdə M və C siniflərindən olan 31 partlayış qeydə alınıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"İyulun 5-də rentgen diapazonunda M sinfindən olan 12 partlayış (onlardan biri M5-dən böyük partlayışdır) və C sinfindən olan 19 partlayış qeydə alınıb", - deyə məlumatda bildirilib.
Daha əvvəl isə bildirilmişdi ki, iyulun 4-də Günəşdə 23 partlayış baş verib və onlardan biri ən yüksək X sinfindən olub.
Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
"Cebheinfo.az"

