Naxçıvanın Konstitusiyasında yeniliklər: Bu qanunlar dəyişir

Naxçıvanın Konstitusiyasında yeniliklər: Bu qanunlar dəyişir

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər ediləcək.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyulun 7-də keçirilən iclasında müzakirəyə çıxarılacaq.

“Məhkəmələr və hakimlər haqqında” Qanuna əsasən, Naxçıvan Muxtar Respublikası məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iştirak edir.

Layihədə sözügedən müddəanın qanundan çıxarılması təklif edilir.

Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:

·“Əmək pensiyaları haqqında” Qanuna görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman);

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri.

Yuxarıdakı abzasda nəzərdə tutulmuş şəxslərə vəfat etmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir.

Layihədə yuxarıdakı maddələrdə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsman) aid müddəaların qanundan çıxarılması təklif edilir.

Həmçinin bu qanun qüvvəyə minənədək Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan şəxslərə və onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixədək qüvvədə olan normaları tətbiq ediləcək.

"Cebheinfo.az"