Dünya bu iki azərbaycanlıdan danışır: 300 milyon avroluq cinayət – VİDEO
İstanbulun Maslak rayonunda süni intellektlə dəstəklənən proqramlardan istifadə edilərək qurulan şəbəkə vasitəsilə Avropada çoxlu sayda şəxsi aldadan dəstə yaxalanıb.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyənin Ədliyyə naziri Akın Gürlekin sözlərinə görə, beynəlxalq cinayət təşkilatlarına, kiber dələduzluq şəbəkələrinə və cinayət gəlirlərinin yuyulmasına qarşı mübarizə davam edir və o yeni əməliyyatın detallarını açıqlayıb.
Bildirib ki, Çexiya hüquq-mühafizə orqanlarının beynəlxalq hüquqi yardım çərçivəsində göndərdiyi məlumat və sənədlər əsasında beynəlxalq dələduzluq şəbəkəsi ifşa edilib.
İstanbulda yaradılan mərkəzdə şübhəlilərin süni intellekt əsaslı proqramlarla Avropa ölkələrində yaşayan insanlara polis, prokuror və bank işçisi kimi özlərini təqdim edərək zənglər etdiyi müəyyən olunub. Zəng edənlər inanılmaz dərəcədə çoxlu sayda imkanlı adamlarla əlaqə yaradıb, onların pullarını ələ keçiriblər. Talanan vəsait ümumilikdə 300 milyon avrodan çoxdur.
Maraqlı olan odur ki, sözügedən şəbəkənin liderləri Kamil Rəhimov və Əminə Eldarova adlı iki azərbaycanlı olub.
Onların lüks bir oteli kirayə götürdükləri, oteli cinayətkar şəbəkənin əsas mərkəzi kimi istifadə etdikləri bəlli olub. Bütün məlumatları topladıqdan sonra polis İstanbulda 3 ayrı ünvana eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı çoxlu sayda rəqəmsal material müsadirə olunub.
Əməliyyat zamanı oteldə 80 xarici vətəndaşın olduğu cinayətkar şəbəkə ələ keçirilib.
"Cebheinfo.az"

