Televiziyanı “Titanik” kimi batmaqdan qorumaq olar: “Dəqiq və dürüst məlumatla”

Televiziyanı “Titanik” kimi batmaqdan qorumaq olar: “Dəqiq və dürüst məlumatla”

“Dünyada ənənəvi media qarşısında böyük bir çağırış var. O çağırış da sosial medianın çox böyük sürətlə inkişafı ilə bağlıdır”. 

Bunu İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov "Real TV"də yayımlanan Media Masası proqramında deyib.

"Uzun illər televiziya və ənənəvi medianın bir monopoliyası var idi. Bu gün isə artıq o monopoliya yoxdur və televiziyalar yalnız sosial şəbəkələr və ya saytların yaydığı xəbəri təsdiqləyir, çünki ənənəvi olaraq tamaşaçı televiziyalara etibar edir",- deyə B. Qasımov bildirib.

İTV rəhbəri özünün də televiziya verilişlərini sosial media üzərindən izlədiyini bildirib. O, informasiya agentliklərinin xəbər yayımında televiziyaları qabaqladığını da vurğulayıb. 

"Həm ona görə ki, onlar daha çevikdir, həm də etimad qazanıblar", - B. Qasımov qeyd edib.

Onun fikrincə, ənənəvi televiziya formatı artıq özünün son onilliyini yaşayır: 

"Bu, tək Azərbaycan televiziyasının problemi deyil. Bütün dünyada ənənəvi televiziya “Titanik” gəmisi kimi batır. İndi iki yol var, ya “Titanik”dəki orkestr kimi gəminin batdığını bilə-bilə musiqini davam etdirmək, ya da çıxış yolu axtarmaq".

İTV rəhbəri çıxış yolunu televiziyaların rəqəmsal transformasiyasında görür. 

"Bizim növbəti bir neçə illik planımız ondan ibarətdir ki, öz platformamız üzərində işləyirik. O platformanın biri xəbəryönümlü, digəri əyləncəli olacaq", - B. Qasımov bildirib. 

“Cebheinfo.az”-a açıqlamasında Əməkdar jurnalist, professor Qulu Məhərrəmli də təsdiqləyib ki, televiziya hazırda özünün çox mürəkkəb və çətin bir dövrünü yaşayır.

“Çünki indiyə qədər kinoya, radioya və qəzetə rəqib idi. İndi isə onun daha böyük rəqibi və televiziyanın rəqabət apardığı bütün sahələrə təsir göstərə bilən yeni media, internet, onun törəmələri meydana çıxıb. Bunların hamısı, əlbəttə ki, informasiya alma, məlumatlandırma sahəsində tamamilə yeni və fərqli bir mənzərə yaradıb”.

Professor qeyd edib ki, televiziya tarixə qovuşmur, lakin yeni dövrə uyğunlaşmalıdır: 

“Birinci növbədə televiziyanın auditoriyası parçalanıb. İkincisi, televiziyanın öz təbiəti ilə bağlı olan bir çox məsələlərdə, xüsusilə məlumatın çatdırılması sahəsində ciddi geriləmə var. Üçüncüsü, yeni dövrə uyğunlaşmağın çətinlikləri televiziyanı xeyli dərəcədə geri salır. 

Amma bunlarla yanaşı, demək olmaz ki, televiziya tamamilə batıb, sıradan çıxacaq və tarix səhnəsini tərk edəcək. Mən belə düşünmürəm. Dünyanın qabaqcıl təcrübəsi də bunu göstərir”. 

Q.Məhərrəmli deyir ki, televiziya, birinci növbədə, rəqabət gücünü artırmalıdır:

“Nəyin hesabına? Məlumatları dəqiq və dürüst çatdırmağın hesabına. Televiziya tamaşaçıları necə cəlb etməlidir? Auditoriyanın içinə girməklə. Yəni öz gücünü və mötəbərliyini saxlaya bilən televiziya yaşayacaq. Gücünü, mötəbərliyini və peşəkarlığını qorumaq müasir televiziya üçün çox önəmlidir”.
 
Qulu Məhərrəmli əlavə edib ki, operativlik və mötəbərlik qaldıqca, televiziya da qalacaq: 

“Digər bir tərəfdən, tamaşaçının niyə televiziyadan üz döndərdiyini araşdırmaq lazımdır. İndiki halda, əlbəttə, bir çox televiziyalar sıradan çıxa bilər. 

Amma, məsələn, universal televiziyalar, xəbər televiziyaları yaşayacaq. O cümlədən, ictimai televiziya tipli kanallar tamaşaçıya müxtəlif mənbələrdən gələn xəbərləri birləşdirib çatdıra bildiyi üçün fəaliyyətini davam etdirə bilər. Bunun üçün televiziyanın sərbəst seçim imkanları, operativliyi və mötəbərliyi qorunub saxlanmalıdır. Bunlar qaldıqca, televiziya da qalacaq”.

Onun sözlərinə görə, dəyişə bilməyən televiziyalar zamanla əriyib gedəcək:

“Məsələn, Avropada kim deyə bilər ki, BBC sıradan çıxır? Və ya "France 1", yaxud ZDF kanalı bağlanır? Skandinaviya ölkələrində isə televiziya demək olar ki, indiki hadisələrdən təsirlənmir, heç tükü də tərpənmir. 

İnsanlar normal şəkildə televiziya izləyirlər. Yəni cəmiyyətin strukturu, informasiyaya olan tələbatı və media savadlılığı kimi obyektiv amillər televiziyanın yaşamasına kömək edir. Ona görə də bu məsələlərdə mən o qədər də bədbin deyiləm. 

Amma başqa məsələ odur ki, televiziya yenidən transformasiya olunmalı, qurulmalı, strukturuna və proqram siyasətinə yenidən baxmalıdır. Bunu bacaran televiziyalar qalacaq, bacarmayanlar isə təbii ki, zamanla əriyib gedəcək”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”