Əfsanəvi Ronaldo Ançelottini günahlandırıb

Əfsanəvi Ronaldo Ançelottini günahlandırıb

Braziliya milli komandasının futbol üzrə dünya çempionatının 1/8 final mərhələsindəki şokedici gedişinin əsas günahkarı qismində baş məşqçi Karlo Ançelotti göstərilir.

Oxu.Az xəbər verir ki, bu barədə "AS" nəşrinə açıqlamasında yığmanın çıxışını dəyərləndirən ikiqat dünya çempionu əfsanəvi Ronaldo bildirib.

"Karlo Ançelotti futbol tarixinin ən böyük məşqçilərindən biridir, lakin bu axşam (norveçlilərlə oyun zamanı) o, həddindən artıq çox səhvə yol verdi. İngiltərənin "Çelsi" klubunun hücumçusu Juan Pedronun nə üçün heyətə daxil edilməməsini hələ də anlaya bilmirəm. O, mükəmməl bir mövsüm keçirdi, yaxşı formadadır və Braziliyaya fərqli nəsə təklif edə biləcək bir hücumçu lazım idi", - deyə Ronaldo qeyd edib.

"Daha sonra Endrikə diqqət yetirək. Meydana çıxdığı hər an o, enerji, aqressivlik və gözlənilməzlik nümayiş etdirdi. Buna baxmayaraq, dünya çempionatının böyük hissəsini ehtiyat oyunçular skamyasında keçirdi", - deyə o əlavə edib.

İkiqat dünya çempionu hesab edir ki, braziliyalıların turnirlə erkən vidalaşmasına görə məsuliyyəti, həmçinin "Real Madrid"in hücumçusu Vinisius da öz üzərinə götürməlidir.

"Onun nə qədər istedadlı olduğunu hamımız bilirik, amma bu dünya çempionatı onun üçün uğurlu olmadı. O, klub futbolunda gördüyümüz həmin oyunçu kimi özünü göstərə bilmədi. Norveç yığması qələbəyə layiq idi, lakin Braziliya komandası hələ matç başlamazdan əvvəl səhvlərə yol verərək rəqibinə kömək etdi", - deyə Ronaldo fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Braziliya milli komandası son 36 ildə ilk dəfə olaraq dünya çempionatının dörddəbir finalına vəsiqə qazana bilməyib.

"Cebheinfo.az"