Köçəryanın bloku “qollarını çırmaladı”: Konstitusiya dəyişikliyinə qarşı

Köçəryanın bloku “qollarını çırmaladı”: Konstitusiya dəyişikliyinə qarşı

Eks-prezident Robert Köçəryana bağlı “Ermənistan” blokunun deputatları parlamentin iyulun 2-də keçirilmiş növbədənkənar sessiyasında qanunvericiliyə edilmiş düzəlişlərdən Konstitusiya Məhkəməsinə şikayət etməyə hazırlaşır. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə “Hraparak” nəşri yazıb. 

Qeyd edək ki, Ermənistan parlamenti Seçki Məcəlləsi və “Referendum haqqında” Qanuna dəyişikliklər edib. Yeni qanunvericiliyə əsasən, parlamentə seçkilərdə və referendumlarda səsvermə hüququ yalnız seçki gününədək 18 yaşına çatmış və səsvermədən əvvəlki 730 gün ərzində ən azı 366 gün faktiki olaraq ölkə ərazisində yaşamış Ermənistan vətəndaşlarına veriləcək. 

Növbədənkənar parlament seçkiləri keçiriləcəyi halda isə həmin müddətin hesablanması səsvermədən əvvəlki 28-ci gündən başlayacaq. Yalnız xaricdə təhsil alan tələbələr və dövlət ezamiyyətində olan şəxslər bu tələblərdən azad ediləcək. 

Qanunvericiliyə edilmiş dəyişiklik əslində Ermənistan Konstitusiyasına dəyişiklik etmək məqsədi daşıyır. Çünki iyunun 7-də keçirilmiş seçkilərdə Baş nazir Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 49,7 faiz və ya 64 deputat yeri qazandığına görə konstitusion çoxluğu əldə edə bilməyib. 

Ona görə də hakim partiya yeni konstitusiyanın qəbulu ilə bağlı təşəbbüs irəli sürə bilməz. 41 mandata malik müxalifət bu prosesin qarşısını almaq imkanına malikdir. Çətin vəziyyətə düşən Nikol Paşinyan hakimiyyəti qabaqlayıcı addım ataraq seçicilər üçün yaşayaış yeri tələbini təbiq edən düzəlişləri qəbul edib. 

Eyni zamanda, Paşinyan bu düzəlişləri parlamentin üçdə iki səs çoxluğuna malik olduğu əvvəlki tərkibinin iclasında qəbul etdirib. Yeni təkliflərə görə, Ermənistanda qalma müddəti faktiki olaraq, səsvermə tarixindən 48 gün əvvələ hesablanır. 

Beləliklə, xaricdə yaşayan və radikal siyasi mövqeyə malik ermənilərin referenduma müdaxiləsinin qarşısını almaq üçün onlar səsvermə prosesindən kənarlaşdırılıb. Bundan sonra hakim partiya 200 min imza toplayaraq yeni konstitusiya layihəsini təklif edə bilər. Parlamentin üçdə ikisi konstitusiyaya dəyişikliklərin lehinə səs verərsə, referendum keçirilir. 

Paşinyan xaricdə yaşayan erməniləri prosesdən kənarlaşdırmaqla çox güman ki, konstitusiya referendumunun keçirilməsi üçün 200 min imzanı təmin etməyə çalışır. Hakimiyyət nümayəndələri xalqın referendum hüququnun Ermənistan Milli Məclisinin tətbiq etdiyi məhdudiyyətlərdən daha üstün olduğunu deyir. 

Müxalif “Ermənistan” bloku isə qəbul edilmiş qanunvericiliyə edilmiş dəyişikliklərin konstitusiyaya zidd olduğunu bildirir. Ona görə də “Ermənistan” bloku Konstitusiya Məhkəməsinə müraciət edib. 

Müxalifət hesab edir ki, xaricdə yaşayan Ermənistan vətəndaşları səsvermə hüququndan məhrum edilib. Lakin Konstitusiya Məhkəməsinin “Ermənistan” blokunun iddiasınə təmin edəcəyi inandırıcı görünmür. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”