Xəstəxanada yatan xəstələr dərmanı özləri alır? - Şikayətə rəsmi cavab
Son dövrlər sosial şəbəkələrdə icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərlə bağlı vətəndaş narazılıqları artır.
Paylaşımlarda stasionar müalicəyə qəbul edilən xəstələrdən istifadə olunacaq dərman və tibbi ləvazimatların kənardan alınmasının tələb edildiyi iddia olunur.
Bu isə icbari tibbi sığortanın əhatə dairəsi və təmin etdiyi xidmətlərlə bağlı suallar yaradır.Belə hallardan biri də Mərkəzi Neftçilər Xəstəxanasında yaşanıb.
Şikayətə görə, vətəndaşın anası təcili stasionar müalicə üçün xəstəxanaya müraciət edib. Xəstə qəbul edildikdən sonra ailəyə müalicə zamanı istifadə olunacaq dərman və tibbi ləvazimatların alınması üçün iki vərəqdən ibarət siyahı təqdim edilib və həmin preparatların kənardan alınması istənilib.
Şikayətçi bildirir ki, bu cür halların baş verməsi icbari tibbi sığortanın hansı xidmət və dərmanları əhatə etdiyi ilə bağlı vətəndaşlarda çaşqınlıq yaradır.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən “Cebheinfo.az”-a bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasında tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində təsdiq edilmiş Xidmətlər Zərfinə uyğun olaraq göstərilir:
“Hazırda bəzi dərman vasitələrinin təminatında müşahidə olunan müvəqqəti çətinlik aidiyyəti qurum tərəfindən həyata keçirilən satınalma (tender) prosesi ilə əlaqədardır.
Mövcud vəziyyət pasiyentlərə fasiləsiz göstərilən müayinə, diaqnostika, stasionar müalicə və digər tibbi xidmətlərin davamlılığına təsir etmir. Yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri addımlar atılır”.
Gülər Həsənli
“Cebheinfo.az”

