Aİ-nin yeni sərhəd sistemi yenidən təxirə salındı

Aİ-nin yeni sərhəd sistemi yenidən təxirə salındı

Avropa İttifaqında (Aİ) səyahət edənlər üçün əvvəlcədən elektron qeydiyyat sistemi ETIAS-ın işə salınması 2027-ci ilə qədər təxirə salınıb.

“Cebheinfo.az” “Financial Times” qəzetinə istinadən xəbər verir ki, qərarın əsas səbəbi sistemdə tez-tez baş verən texniki nasazlıqlar və bunun sərhəd-keçid məntəqələrində uzun növbələr yaratmasıdır.

Məlumata əsasən, Avropa Səyahət Məlumatı və Avtorizasiya Sistemi (ETIAS), eləcə də Avropa İttifaqının yeni rəqəmsal giriş-çıxış sistemi (EES) tətbiq mərhələsində texniki problemlərlə üzləşib.

Məhz EES-in tətbiqində yaranan texniki problemlər bir sıra hava limanlarında və quru sərhəd-keçid məntəqələrində ciddi sıxlığa səbəb olub.

Nəticədə sistemin tətbiqinə cavabdeh olan “Aİ-LISA” agentliyi ETIAS-ın əvvəlcədən planlaşdırıldığı kimi bu ilin sonuna qədər tam istifadəyə verilməsinin mümkün olmadığını etiraf edib.
Nəşrin mənbələrinin bildirdiyinə görə, təxirəsalma ilə bağlı qərar iyun ayında qəbul olunub.

“Aİ-LISA” agentliyinin rəhbərliyinin yeni tətbiq tarixlərini müəyyənləşdirmək üçün sentyabr ayında yenidən toplantı keçirməsi gözlənilir.

Avropa Komissiyasının Daxili İşlər və Miqrasiya üzrə komissarı Maqnus Brunner Avropa aviaşirkətlərinin rəhbərlərinə ünvanladığı məktubda gecikmənin digər səbəbləri kimi kadr çatışmazlığını və zəruri infrastrukturun tam hazır olmamasını göstərib.

Qəzetin digər mənbəsi isə ETIAS-ın 2026-cı ildə istifadəyə veriləcəyi ilə bağlı planları “xəyal” adlandırıb.Qeyd edək ki, ETIAS sisteminin ilkin olaraq 2026-cı ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulurdu.

Sistem Avropa İttifaqına viza almadan səfər edə bilən Aİ üzvü olmayan ölkələrin vətəndaşları üçün məcburi olacaq.
ETIAS çərçivəsində səyahət icazəsi əvvəlcədən elektron qaydada alınacaq və bunun üçün ödəniş tələb olunacaq.

Bu sistem Aİ-nin viza və sərhəd nəzarəti mexanizmlərinin modernləşdirilməsi proqramının əsas hissələrindən biri hesab edilir.

Aişə Abdulova
“Cebheinfo.az”