Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə

Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə

3 günlük təlim iştirakçılara praktiki biliklər və “Davamlı Tədbirlər Bələdçisi” hazırlamaq bacarığı qazandırıb. “Yaşıl Yol Xəritəsi” layihəsi çərçivəsində dövlət, vətəndaş cəmiyyəti və biznes təşkilatları üçün üçgünlük intensiv təlimlər Bərdədən sonra 3-5 iyul 2026-cı ildə  Gəncədə keçirilib. Təlimlərin məqsədi tədbirləri ətraf mühitə uyğun, sosial-iqtisadi cəhətdən faydalı, inklüziv və dayanıqlı şəkildə təşkil etmək bacarıqlarını inkişaf etdirməkdir.

Tədbir oteldə təşkil olunub. Öncə Google anket vasitəsilə iştirakçıların ilkin bilikləri öyrənilib. Daha sonra “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti, Əməkdar jurnalist Fərman Nəbiyev layihə barədə ətraflı məlumat verib. O, qeyd edib ki, dünyanın müxtəlif ölkələrində təşkilatlar artıq tədbirlərini sadəcə keçirməklə deyil, eyni zamanda ətraf mühitə minimal ziyan vurmaq, resurslara qənaət etmək və sosial inklüzivliyi təmin etmək istiqamətində çalışırlar: “Dayanıqlılıq dövrü iqtisadiyyat prinsiplərinə əsaslanmaq və BMT-nin Davamlı İnkişaf Məqsədlərini dəstəkləmək deməkdir. Bu, artıq sadəcə trend deyil, müasir tədbirlər sənayesinin vacib standartıdır. “Yaşıl Yol Xəritəsi” layihəmiz də məhz bu məqsədə xidmət edir”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, təlimçi Sahib Məmmədov tədbirlərin dayanıqlı idarə olunmasının bütün aspektləri haqqında geniş məlumat verib. O, ətraf mühitə təsirin qiymətləndirilməsi, ekoloji izin hesablanması, tədbir məkanı və yaşayış yerlərinin seçimi, inklüziv yanaşmalar, qidalanmanın təşkili və tullantıların idarə olunması mövzularını ətraflı şərh edib.

S.Məmmədov bildirib ki, ölkədə bu mövzuda regionlarda ilk dəfə sistemli təlimlər təşkil olunur: “Üç gün ərzində keçirilən təlimlər praktiki bacarıqların formalaşmasına xidmət etdi. İştirakçılar qrup işləri zamanı real tədbir ssenariləri əsasında ekoloji izin hesablanması, dayanıqlı idarəetmə planının hazırlanması və “Davamlı Tədbirlər Bələdçisi”nin yaradılması üzrə tapşırıqları uğurla yerinə yetirdilər. Auditoriyanın fəallığı və hazırlığı bizi çoxruhlandırdı”.

İştirakçılar təlimin gözləntilərini tam doğrultduğunu, materialların keyfiyyətini və təlimçinin yüksək hazırlığını xüsusi qeyd ediblər. “Bilik və Maarifçiliyin İnkişafı” İctimai Birliyinin sədri Mehman Xəlilov deyib ki, təlimin 3 iyulda – Ümumdünya Plastikdən İstifadənin Qarşısının Alınması Günündə başlaması diqqəti çəkən məqamdır: “Bilmirəm bu təsadüfdür, ya yox, amma çox gözəl vaxta düşüb.

Belə təlimlər nəinki QHT-lər, həm də dövlət qurumları və biznes strukturları üçün böyük əhəmiyyət kəsb edir. Artıq tədbirləri keçirmək kifayət etmir. Ətraf mühitə, resurslara və sosial inklüzivliyə ciddi yanaşma tələb olunur. Bu biliklər ölkədə dayanıqlı tədbir mədəniyyətinin formalaşmasına ciddi töhfə verəcək”.

Təlim zamanı praktiki olaraq “yaşıl” qaydalar tətbiq olunub: kağız və birdəfəlik plastik məmulatlardan imtina edilib, bütün sorğular onlayn aparılıb, materiallar (o cümlədən 80 səhifəlik “Dayanıqlı Tədbirlər Bələdçisi”) WhatsApp qrupu vasitəsilə paylaşılıb. İştirakçılar adları yazılmış xüsusi stəkanlardan kəhriz suyunu (şüşə qablarda) qəbul ediblər, tullantıların çeşidlənməsi üçün isə konfrans zalında üzərinə “kağız”, “plastik”,”şüşə” və “digər” sözlər yazılmış torbalar qoyulub.

1 may 2026-cı ildən avqust ayının sonunadək davam edəcək layihənin növbəti təlimi Mingəçevirdə keçiriləcək. Yekunda iştirakçı təşkilatlara öz tədbirləri üçün fərdi “Davamlı Tədbirlər Bələdçisi”nin hazırlanmasında mentor dəstəyi göstəriləcək.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

"Cebheinfo.az"