Netanyahu Türkiyəyə F-35 satışına qarşı çıxdı
Diqqətlər ABŞ Prezidenti Donald Trampın NATO Liderlər Zirvəsi çərçivəsində Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüşə yönəlib.
İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyəyə F-35 qırıcılarının və döyüş təyyarələrinin mühərriklərinin verilməsinə qarşı çıxıb.
“Cebheinfo.az” “haberler.com”-a istinadən xəbər verir ki, ABŞ-nin “Fox News” telekanalına müsahibəsində Netanyahu bu barədə danışıb. O bildirib ki, Türkiyənin F-35-lərlə təmin olunması Yaxın Şərqdə qüvvələr balansını dəyişə bilər.
Onun sözlərinə görə, İsrailin regiondakı hava üstünlüyü qorunmalıdır. Netanyahu çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Hakan Fidanın İsrailin Qəzzadakı hərbi əməliyyatları ilə bağlı açıqlamalarına da toxunaraq, Vaşinqtonu Ankaraya F-35 qırıcıları və onların mühərriklərini verməməyə çağırıb.
İsrailin Baş naziri İranla bağlı da fikirlər səsləndirib. O iddia edib ki, İran əhalisinin böyük hissəsi mövcud hakimiyyəti dəstəkləmir. Bundan başqa, o, ABŞ-nin bölgədə əsas müttəfiqinin İsrail olduğunu bildirib və Donald Trampla əksər məsələlərdə eyni mövqedən çıxış etdiklərini deyib.
Netanyahunun açıqlamalarından sonra Yunanıstandan da Türkiyənin F-35 proqramı ilə bağlı oxşar mövqe səsləndirilib. Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis parlamentdə çıxışı zamanı bildirib ki, Türkiyənin F-35 proqramına qoşulmasına mane olan məhdudiyyətlərin aradan qaldırılması hazırda gündəmdə deyil.
Onun sözlərinə görə, ABŞ qanunvericiliyində nəzərdə tutulan məhdudiyyətlər qüvvədə qalır və onların ləğvi üçün ABŞ Konqresinin yeni qərarı tələb olunur. Yerapetritis vurğulayıb ki, Türkiyənin F-35 proqramındakı gələcəyi ABŞ administrasiyasından deyil, Konqresin qərarından asılıdır.
Yunanıstan parlamentinin deputatı Aleksandros Kazamias isə hökuməti Türkiyənin F-35 qırıcıları əldə etməsinin qarşısını almaq üçün bütün mümkün addımları atmağa çağırıb. Yerapetritis isə hökumətin bu məsələdə passiv davrandığı iddialarını rədd edərək, “Xarici siyasət mətbuat açıqlamaları ilə aparılmır”, - deyə bildirib.
Aişə Abdulova
“Cebheinfo.az”

