Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq
Azərbaycanda diri heyvanların idxalı zamanı daşınma qaydaları sərtləşdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, ölkəyə gətirilən heyvanlar yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri ilə daşınmalıdır.
Bu nəqliyyat vasitələri Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nin tələblərinə uyğun olmalıdır.Yeni qaydalara əsasən, bir avtomobildə maksimum 60 baş iribuynuzlu, 150 baş xırdabuynuzlu heyvan daşına biləcək.Bu isə o deməkdir ki, əvvəlki dövrlə müqayisədə eyni nəqliyyat vasitəsində daha az sayda heyvanın ölkəyə gətirilməsinə icazə veriləcək.
Bəs bu qaydaların tətbiqi diri heyvan idxalının məhdudlaşdırılması deməkdir?
Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, heyvanların daşınması ilə bağlı yeni tələblər idxalçılar üçün müəyyən əlavə xərclər yarada bilər:

“Xüsusilə ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin istifadəsi, sanitariya və heyvan rifahı standartlarına uyğunluğun təmin edilməsi logistika xərclərini artıra bilər.
Lakin bu xərclərin ətin son satış qiymətinə nə dərəcədə təsir edəcəyi idxalın ümumi maya dəyərində daşınmanın payından, bazardakı rəqabətdən və digər xərclərdən asılı olacaq. Buna görə də qısamüddətli dövrdə müəyyən qiymət artımı ehtimalı olsa da, bunun ciddi və kəskin bahalaşmaya səbəb olacağını qəti şəkildə söyləmək düzgün olmaz.
Yeni qaydalar diri heyvan idxalını tamamilə çətinləşdirməkdən daha çox, bu prosesi müəyyən standartlara uyğunlaşdırmağa yönəlib. Beynəlxalq heyvan sağlamlığı və rifahı tələblərinə cavab verən şirkətlər üçün ciddi problem yaranmaya bilər.
Bununla belə, yeni tələblərə uyğunlaşmaq üçün əlavə investisiya tələb olunduğundan bəzi idxalçılar üçün proses əvvəlki ilə müqayisədə daha mürəkkəb və bahalı ola bilər.
Bu səbəbdən qaydaları Azərbaycana ətlik heyvanların gətirilməsinin məhdudlaşdırılması kimi deyil, idxalın daha yüksək standartlar əsasında həyata keçirilməsi kimi qiymətləndirmək daha məqsədəuyğundur.
Əgər yeni tələblər nəticəsində idxalın həcmi azalarsa və ya maya dəyəri artarsa, qısamüddətli dövrdə bazarda qiymətlərə müəyyən təzyiq yarana bilər. Ancaq ət bazarında qiymətlərə təsir edən əsas amillərdən biri də daxili istehsalın həcmi, yem xərcləri, mövsümi amillər və ümumi inflyasiyadır.
Yerli istehsalın bu boşluğu tam şəkildə doldurması qısamüddətli dövrdə çətin ola bilər, lakin istehsalın artırılması istiqamətində imkanlar mövcuddur.
Buna görə də bazarda vəziyyət əsasən idxalın hansı həcmdə azalacağından və yerli istehsalın həmin dəyişikliklərə nə qədər operativ reaksiya verə bilməsindən asılı olacaq”.
Ekspert bildirib ki, təkcə bu yeni tələblərin ət qıtlığı yaradacağını demək üçün kifayət qədər əsas yoxdur, lakin müəyyən əlavə xərclərin qiymətlərə məhdud təsir göstərməsi ehtimalı istisna edilmir.
Qeyd edək ki, Azərbaycanın ətə olan tələbatının müəyyən hissəsi idxal hesabına ödənilir. Statistikaya görə, 2025-ci ildə ölkəyə 115 min 301 baş iribuynuzlu və 306 min 591 baş xırdabuynuzlu heyvan idxal edilib.
Aişə Abdulova
“Cebheinfo.az”

