Türkiyədən NATO mesajı:“Köhnə qaydalarla idarə oluna bilməz”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi (SAM) və “Chatham House” tərəfindən təşkil olunan "Ankara Zirvəsindən Sonra Avropa Təhlükəsizliyi:
Avropada NATO müttəfiqləri arasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda tədbirdə çıxış edib.
“Cebheinfo.az” xəbər verir ki, NATO-nun yeni dövrdə strateji potensialının artırılmasına diqqət yetirməli olduğunu bildirən Fidan alyansın yalnız mövcud təhdidlərə reaksiya verən qurum olmaqdan kənara çıxmalı, bunun əvəzinə uzunmüddətli və vahid təhlükəsizlik vizyonu formalaşdırmalı olduğunu deyib.
Fidan qeyd edib ki, ABŞ və Avropa arasında müəyyən gərginliklərə baxmayaraq, bu fikir ayrılıqları NATO Zirvəsində nəzarətsiz böhrana çevrilməyəcək və idarəolunan xarakter daşıyacaq.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın sammitdə iştirakı da bu baxımdan mühüm əhəmiyyət kəsb edib. Avropa təhlükəsizliyinin yalnız Aİ çərçivəsində qiymətləndirilə bilməyəcəyini və daha vahid yanaşmaya ehtiyac olduğunu vurğulayan Fidan bu kontekstdə Türkiyənin mərkəzi rol oynadığını bildirib.
Türkiyənin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini deyən Fidan Rusiya ilə diplomatik əlaqələrin və dialoq kanallarının açıq saxlanılmasının Avropa təhlükəsizliyi baxımından da vacib olduğunu qeyd edib.
NATO-nun müdafiə sənayesi potensialına yalnız Aİ mərkəzli prizmadan baxılmamalı olduğunu bildirən Fidan Türkiyə və Böyük Britaniya kimi güclü müdafiə sənayesinə malik ölkələrin Avropa təhlükəsizliyi sahəsində müdafiə əməkdaşlığının təbii və vacib iştirakçıları olduğunu vurğulayıb.
Fidan əlavə edib ki, Avropa ABŞ-dən gələn yükün bölüşdürülməsi ilə bağlı xəbərdarlıqları psixoloji təzyiq və ya təhdid kimi qəbul etməməli, əksinə, daha böyük məsuliyyət götürməlidir.
Onun sözlərinə görə, Avropanın müdafiə potensialının gücləndirilməsi həm qitənin strateji dayanıqlılığı, həm də NATO-nun gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Fidan hesab edir ki, NATO-nun Ankara Sammitində Avropa ilə ABŞ arasında qarşılıqlı ittiham psixologiyası üstünlük təşkil etməyəcək. Nazir sonda bildirib ki, sammitin ən çətin hissəsi Donald Trampı tədbirdə iştirak etməyə razı salmaq idi və buna nail olunmaqla ən mürəkkəb mərhələ arxada qalıb.
Digər tərəfdən, Hakan Fidan sosial media hesabında paylaşdığı bəyanatda bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Alyansın gələcəyini müəyyən edəcək bu mühüm mərhələdə NATO üzvü ölkələrini qəbul etməyə hazırdır.
Nazirin sözlərinə görə, Ankarada qəbul olunacaq qərarlar təkcə mövcud problemlərin həllinə xidmət etməyəcək, həm də uzun illər ərzində Avro-Atlantik təhlükəsizlik mühitinin formalaşmasına təsir göstərəcək.
"Kollektiv müdafiə NATO-nun fundamental elementi olaraq qalır. Lakin strateji mühit dəyişir. Təhdidlər daha çoxşaxəli, daha sürətli və daha mürəkkəb xarakter alır. Ənənəvi göstəricilər artıq bu reallığı əks etdirmir. İndi əsas məsələ səfərbər edilə bilən imkanlar, sənaye potensialı və əməliyyat hazırlığıdır.
Avropanın daha güclü töhfəsi vacibdir. Ancaq müdafiə sənayesi sahəsində əməkdaşlığa qoyulan məhdudiyyətlər səmərəliliyi azaldır və cavab tədbirlərini ləngidir. Bu məhdudiyyətlər artıq strateji yükə çevrilib. Avropa müdafiə təşəbbüsləri NATO-nun bütün müttəfiqlərini tam şəkildə əhatə etməlidir.
Əsas məsələ təkcə necə cavab verəcəyimiz deyil, həm də əməkdaşlığı bugünkü reallıqlara uyğun şəkildə necə təşkil edəcəyimizdir. Ankara Zirvəsi Alyansın strukturunun qarşılaşdığı yeni təhlükəsizlik mühitinə uyğunlaşdırılması istiqamətində mühüm yol göstərəcək. Türkiyənin məqsədi aydındır: daha həmrəy, daha güclü və daha dayanıqlı bir Alyans yaratmaqdır", - deyə Hakan Fidan vurğulayıb.
Əfsanə Rəcəb
"Cebheinfo.az"

