İran Hörmüz boğazında ticarət gəmilərini raketlə vurdu
İran Hörmüz boğazında ticarət gəmilərinə raket zərbələri endirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Axios” nəşri iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 6-na keçən gecə İran ordusu Hörmüz boğazından keçən ticarət gəmilərinə ən azı iki raket atıb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Nəşr yazır ki, ABŞ hadisəyə cavab olaraq İrandakı hərbi hədəflərə qarşı cavab zərbələri endirməyi nəzərdən keçirə bilər.İran rəsmiləri isə iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi (UKMTO) də Omanın limah sahillərindən təxminən 8 dəniz mili şərqdə üzən tankerin şübhəli hücuma məruz qaldığını açıqlamışdı.
UKMTO-nun məlumatına görə, cənub istiqamətində hərəkət edən tanker sol tərəfindən naməlum obyektlə vurulub. Zərbədən sonra gəmidə yanğın baş versə də, hadisə nəticəsində xəsarət alan olmayıb və ətraf mühitə ziyan dəyməyib.
Agentlik hadisə ilə bağlı araşdırmalara başlayıb və bölgədən keçən gəmilərə ehtiyatlı olmaları, hər hansı şübhəli fəaliyyəti dərhal bildirmələri barədə xəbərdarlıq edib.
Qeyd edək ki, “Axios”-un İranın iki ticarət gəmisini hədəfə aldığı barədə məlumatı hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Buna baxmayaraq, Hörmüz boğazında baş verdiyi iddia olunan hadisə bölgədə gərginliyi daha da artırıb və beynəlxalq ictimaiyyətin diqqətini yenidən Yaxın Şərqə yönəldib.
Aişə Abdulova
“Cebheinfo.az”

