Sosial şəbəkədə saxta bazar: 7 kilo qaymaqdan 5 kilo yağ alanlar...
Son günlər sosial şəbəkələrdə ev üsulu ilə hazırlanan süd məhsullarının satışı ilə bağlı kampaniyalar geniş yayılıb.
Xüsusilə "7 kiloqram vedrə qaymaq yoğur, 5 kiloqram təbii yağ əldə et" kimi iddialarla alıcıların diqqəti cəlb edilir, məhsulların tam təbii və qatqısız olduğu vurğulanır. Bu cür paylaşımlar istehlakçılarda maraq doğursa da, səsləndirilən rəqəmlərin nə dərəcədə real olduğu və məhsulların keyfiyyətinin necə müəyyənləşdirildiyi suallar yaradır.
Bəs bu cür vədlər nə dərəcədə reallığı əks etdirir, istehlakçılar belə məhsulları alarkən nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida üzrə məsləhətçi Lamiyə Əzimova bildirib ki, süd və süd məhsulları insan sağlamlığı üçün lazımlı qida hesab olunsa da, onların keyfiyyəti və təhlükəsizliyi istehsal şəraitindən, istifadə olunan xammaldan və saxlanma qaydalarından birbaşa asılıdır:

"Sosial şəbəkələrdə bu cür paylaşımlar insanların diqqətini çəksə də, reklamda deyilən hər rəqəmi olduğu kimi qəbul etmək düzgün deyil. Məsələn, “7 kiloqram qaymaqdan 5 kiloqram yağ alınır” iddiasını bütün hallara aid etmək olmaz. Çünki yağın çıxımı qaymağın yağlılıq dərəcəsindən, südün hansı heyvandan əldə olunmasından, mövsümdən və hazırlanma texnologiyasından asılı olaraq dəyişir.
Eyni həcmdə qaymaqdan hər dəfə eyni miqdarda yağ alınması mümkün deyil. Kərə yağı hazırlanarkən qaymağın tərkibindəki yağ hissəsi ayrılır, su və digər komponentlər isə kənarlaşdırılır. Bu səbəbdən son məhsulun miqdarı istifadə olunan xammalın tərkibindən birbaşa asılıdır.
Dəqiq nəticəni yalnız laborator analiz və istehsal göstəriciləri əsasında qiymətləndirmək mümkündür”. O qeyd edib ki, istehlakçılar ev şəraitində hazırlanan süd məhsullarını alarkən təkcə “təbii” sözünə etibar etməməlidirlər:
"Əsas məsələ məhsulun hansı sanitar-gigiyenik şəraitdə hazırlanması, südün təhlükəsiz mənbədən əldə edilməsi və məhsulun düzgün temperaturda saxlanılmasıdır. Süd məhsulları mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit olduğundan gigiyena qaydalarına əməl edilmədikdə qida zəhərlənməsi riski yarana bilər.
Həmçinin məhsulun qatqısız və ya tam təbii olduğunu görünüşünə, rənginə və ya dadına görə müəyyən etmək mümkün deyil. Bunun üçün laborator analizlər aparılmalıdır. Ona görə də sosial şəbəkələrdə yayılan iddialara tənqidi yanaşmaq, məhsulu etibarlı və məsuliyyət daşıyan satıcılardan almaq daha məqsədəuyğundur."

Gülər Həsənli
“Cebheinfo.az”

