Müharibə yenidən alovlanır: ABŞ İranı bombalamağa başladı
ABŞ hərbçiləri iyulun 8-də gecə İrana aprel ayında atəşkəs imzalandıqdan bəri ən böyük kütləvi zərbələr endirib.
“Cebheinfo.az” xəbır verir ki, sözügedən əməliyyatı təhlil edən “Al-Jazeera” telekanalı bu barədə məlumat yayıb.
Ən azı üç şəhərin və oradakı çoxsaylı obyektlərin bir gecədə Amerika qoşunları tərəfindən vurulduğu bildirilir.
Əsas hədəflərdən biri Qeşm adası olub. Orada ən azı yeddi obyektə zərbə endirilib. Hörmüz boğazının sahilində yerləşən Sirik şəhəri də zərbələrə məruz qalıb və yaxınlığındakı altı hədəfə hücum edilib.
Telekanalın məlumatına görə, Bəndər Abbas limanında telekommunikasiya qüllələri də daxil olmaqla 10 obyektə zərbə endirilib.ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl Birləşmiş Ştatlar ordusunun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə son hücumlarına dərhal cavab olaraq 80-dən çox hədəfə dəqiq idarə olunan sursatla zərbə endirdiyini bildirib.
“ABŞ qüvvələri İranın Beynəlxalq Ticarət Dəhlizindən keçən beynəlxalq ticarətə hücum etməyə davam etmək qabiliyyətini zəiflətmək üçün Hörmüz boğazında və onun yaxınlığında İranın hava hücumundan müdafiə sistemlərinə, komandanlıq və idarəetmə şəbəkələrinə, sahil radar stansiyalarına, gəmi əleyhinə raket sistemlərinə və İslam İnqilabı Keşikçiləri Korpusunun 60-dan çox kiçik qayığına zərbələr endirib”, - deyə “CENTCOM”-un rəmi açıqlamasında qeyd edilir.
“Axios” ABŞ rəsmisinə istinadən bildirib ki, ABŞ ordusunun iyulun 8-də Hörmüz boğazında İran hədəflərinə endirdiyi zərbələr 10 gün əvvəl endirilən zərbələrdən dörd-beş dəfə böyük olub.
“İran Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri Fars körfəzi bölgəsindəki ABŞ hərbi bazalarındakı 85 hədəfə qarşı ballistik raketlər və dronlardan istifadə edərək birgə əməliyyat keçirib”, - deyə İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib.
SEPAH cavab zərbələrinin, digər hədəflərlə yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının və Küveytdəki “Əli Əs-Salim” Hava Bazasının hədəf alındığını iddia edir.
Bundan əlavə, İnqilab Keşikçiləri hava hücumundan müdafiə sistemlərinin İranın cənubunda ABŞ-nin “MQ-9” pilotsuz uçan aparatını vurduğunu bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”

