Ekspert yeni qanundan danışdı: “Maraqlı yenilikdir”
"İndiyə qədər çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib. Bunun əsas səbəblərindən biri isə kiçik məbləğlərlə qanuni və şəffaf investisiya imkanlarının məhdud olması idi".
"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, "Kraudfandinq haqqında" yeni qanun bu baxımdan maraqlı yenilikdir:
""Kraudfandinq" sözü "kütləvi maliyyələşmə" deməkdir. Mahiyyət etibarilə isə yüzlərlə və ya minlərlə insanın kiçik məbləğlərlə eyni biznes layihəsinə investisiya etməsidir.
Məsələn, yeni texnologiya hazırlayan bir startapın 300 min manata ehtiyacı varsa, bunu bir nəfərdən deyil, 1000 nəfərin hər birindən 300 manat cəlb etməklə də əldə edə bilər.
Bu, dünyada uzun illərdir istifadə olunan və həcmi artıq 100 milyard ABŞ dollarını ötmüş maliyyələşmə modelidir. Azərbaycanda da belə hüquqi mexanizmin yaradılması bir neçə istiqamətdə müsbət nəticə verə bilər.
Məsələn, kiçik də olsa, bank kreditlərinə alternativ maliyyələşmə mənbəyi yaranacaq. Startaplar və kiçik sahibkarlar investor tapmaqda daha çox seçim əldə edəcəklər.
Eyni zamanda kiçik yığımları olan vətəndaşlar üçün depozitdən başqa qanuuni investisiya alternativi də yaranacaq. Beləliklə, onlar vəsaitlərini qanunla tənzimlənən platformalar vasitəsilə real biznes layihələrinə yönəldə biləcəklər".
Ekspert qeyd edib ki, dünyada kraudfandinq bazarının həcmi artıq 100 milyard dolları ötüb və bir çox ölkədə minlərlə startap məhz bu mexanizm vasitəsilə ilk kapitalını cəlb edib:
"Amma bir məsələ var ki, bu investisiya növü də risksiz deyil. Ümumiyyətlə, heç bir investisiya risksiz deyil və heç bir qanun uğurlu biznesə zəmanət vermir.
Lakin yeni qanun AMB-yə kraudfandinq platformalarının fəaliyyətinə daha effektiv nəzarət etməyə imkan verəcək, investorların hüquqlarının qorunmasını gücləndirəcək.
İndi əsas məsələ bu qanunun necə tətbiq olunacağıdır. Əgər etibarlı platformalar formalaşarsa və investorların inamı qazanılarsa, kraudfandinq Azərbaycanda startapların və kiçik sahibkarlığın maliyyəyə çıxışında mühüm rol oynaya bilər".
Gülər
"Cebheinfo.az"

