Rusiyanın pulu ilə Ukraynanı silahlandırır

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.
"Cebheinfo.az"-ın “The Guardian” qəzetinə istinadən xəbərinə görə, London tarixdə ilk dəfə dondurulmuş Rusiya vəsaitlərindən əldə olunan faiz gəlirlərindən Ukraynanın silahlandırılması üçün istifadə edəcək.
Təxminən 70 milyon funt- sterlinq (təxminən 7,4 milyard rubl) məbləğindəki bu yardım çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə 350 ədəd təkmilləşdirilmiş ASRAAM hava hücumundan müdafiə raketi veriləcək. Yardım paketinin maliyyələşdirilməsi Qərb ölkələrinin Rusiyanın Ukraynanı işğal etməsindən sonra dondurduğu təxminən 300 milyard dollar dəyərindəki ehtiyat vəsaitlərin faiz gəlirlərindən qarşılanacaq.
Britaniyanın bu addımı beynəlxalq hüquq dairələrində müzakirələrə səbəb olub. Rəsmi Moskva qərarı “qanunsuz müsadirə” adlandıraraq pisləyib. Rusiya rəsmiləri Qərbin bu addımının qlobal maliyyə sisteminə olan etimadı sarsıtdığını iddia edirlər.
Nigar Hacılı
"Cebheinfo.az"