İsrail-İran müharibəsi: Sonra nə olacaq?

İsrail-İran müharibəsi: Sonra nə olacaq?

İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar artıq regional düzənin və İranın daxili rejiminin təməlini sarsıda biləcək bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. 

ABŞ Prezidentinin İranın Ali rəhbərinin yerini bilirik, amma hələ onu öldürməyəcəyik açıqlaması ilə bu, daha da aktuallaşıb. Münaqişənin sürətlə genişlənməsi və artıq ABŞ-nin da birbaşa bu prosesə qoşulmasının açıq şəkildə müzakirə olunması vəziyyəti daha da kritikləşdirir. 

Ən diqqətçəkən məqam isə odur ki, bu savaş yalnız raketlərlə aparılmır. Eyni zamanda, psixoloji, sosial və ideoloji səviyyədə də bir toqquşma gedir. İran daxilində illərdir yığılıb qalmış narazılıqlar xüsusi diqqət çəkir.

Bu fonda ortaya mühüm bir sual çıxır: İsrail İranı təkcə hərbi cəhətdən zəiflətmək istəyir, yoxsa onun daxilindəki dərin çatları da genişləndirməyə çalışır? Güney Azərbaycan kimi rejimdən narazı bölgələr bu strategiyada hansı yeri tutur? 

“Bütün Güney Azərbaycan Ayətullahın hakimiyyətindən azaddır”

İsraillipolitoloq MixailFinkel mövzu ilə bağlı "Cümhuriyyət"-lə fikirlərini bölüşüb:

“Biz Azərbaycanı qardaş xalq hesab edirik. Xüsusilə də biz İkinci Qarabağ, yəni Vətən müharibəsində Azərbaycanın yanında olduq. Bunu ürəkdən, bütün qəlbimizlə etdik. Biz bilirik ki, İranda yaşayan azərbaycanlılar, yəni türklər, Güney Azərbaycan əhalisi diskriminasiyaya məruz qalır. 

Onlara Ayətullahın təzyiqçi, terrorçu və teokrat rejimi tərəfindən son dərəcə pis münasibət göstərilir. İsrail Təbrizə zərbə endirəndə, bu zərbələr İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bazalarına, raket anbarlarına və hərbi obyektlərinə yönəlmişdi. Bu gün Təbrizdə SEPAH yoxdur. Təbriz azaddır ".

“Əgər Güney Azərbaycan xalqı azadlığa çıxmaq qərarına gələrsə...”

Finkel qeyd edib ki, düşmənlər, yəni İranın agentləri yalan məlumat yayaraq İsrailin İranda azərbaycanlılara zərbələr endirdiyini iddia edirlər:

"Bu uydurmadır, yalandır. Mən burada İkinci Dünya müharibəsi dövrünün Böyük Britaniyanın Baş naziri UinstonÇörçilin bir fikrini xatırlatmaq istəyirəm. 

O, müharibədən sonra Almaniya haqqında belə demişdi: “Biz Almaniyanı o qədər sevirik ki, istəyirik, iki Almaniya olsun”. Nəticədə Almaniya iki yerə bölündü. Bu gün İrana da bu prinsipi tətbiq etmək olar. Biz İranı o qədər “sevirik” ki, istəyirik orada bir neçə İran olsun. Mən şəxsən tam dəstəkləyirəm: əgər Güney Azərbaycan xalqı azadlığa çıxmaq, ayrılmaq qərarına gələrsə, qoy bu, baş versin. Çünki orada çoxlu sayda etnik qruplar var ki, artıq bir dövlətin tərkibində yaşamaqdan beziblər".

“Hətta Ayətullahlar arasında da bizim adamlarımız var “

Politoloq İsrail və İran arasında baş verən hərbi əməliyyatın üç əsas məqsədi olduğunu bildirib:

"Birinci məqsəd İranın nüvə proqramının tamamilə məhv edilməsidir. İranın “bu proqram dinc məqsədlidir” deyə yaydığı fikirlər yalandır. Əgər məqsəd atom elektrik stansiyası üçün nüvə enerjisi hazırlamaq idisə, uranı cəmi bir neçə faiz zənginləşdirmək kifayət idi. 

Amma onlar uranı 60 faizə qədər zənginləşdiriblər. ABŞ ilə apardıqları danışıqlar zamanı da məhz bu dövrdən istifadə edərək zənginləşməni daha da sürətləndiriblər və artıq nüvə bombası istehsalı üçün lazım olan səviyyəyə çatmağa çalışıblar. Biz onların nüvə proqramını – sentrifuqaların yerləşdiyi zavodları, İsfahandakı ağır su istehsalı müəssisəsini, Fordodakı nüvə kompleksini və digər obyektləri artıq demək olar ki, tamamilə məhv etmişik. İkinci məqsəd SEPAH-ı məhv etməkdir. 

Bu təşkilat bir çox terror aktlarının arxasında dayanır. 1994-cü ilin iyununda Argentinada SEPAH-ın törətdiyi terror aktı nəticəsində yüzə yaxın insan öldü, yüzlərlə insan yaralandı. Bu şəxslər İsrail vətəndaşları deyildilər, onlar Argentinanın yəhudi icmasının üzvləri idi. Argentina Prezidenti XavyerMiley açıq şəkildə arxivləri ortaya qoyaraq göstərdi ki, bu terror aktını SEPAH və İran təşkil edib. 

İranın proksiləri – “Hizbullah”, HƏMAS, “İslam Cihadı” və Husilər bütün dünyada bizim qanımızı töküblər. Biz SEPAH-ı hər yerdə məhv edəcəyik. Harada olduqlarını bilirik, çünki SEPAH-da da, orduda da, hətta Ayətullahlar arasında da bizim adamlarımız var. Biz İranın müntəzəm ordusuna toxunmuruq. Əksinə, istəyirik ki, bu ordu xalqın tərəfinə keçsin və silahını SEPAH-a və rejimin özünə qarşı çevirsin. 

Məqsədimiz İranın və SEPAH-ın bizə təhdid yarada biləcək hərbi potensialını tamamilə yox etməkdir. Artıq demək olar ki, bütün raketlərini məhv etmişik. İsrailə tərəf raket atılmır, çünki onların atmağa silahı qalmayıb. Biz raket buraxılış qurğularını, “Şahid” pilotsuz uçuş aparatlarının istehsalı zavodlarını da dağıtmışıq. 

Bu dronlar köhnədir, yavaşdır, yeddi saata bizə çatır, amma biz onları havadaca vururuq, milçək kimi məhv edirik. Biz istəyirik ki, İranda xalq azad olsun. Biz İran xalqı ilə vuruşmuruq, əksinə, onları hörmətli, qədim və böyük bir xalq hesab edirik. Orada xalqın seçdiyi demokratik bir hakimiyyət qurulmalıdır”. 

Hakimiyyət dəyişikliyi və İranın azadlığı...

O hesab edir ki, devrilmiş şahın oğlu Rza Pəhləvi hakimiyyətə qayıtmalıdır:

“O, ABŞ-də yaşayır, İsrailə də gəlmişdi, Ağlama Divarında dua etmişdi. Onun atası bizim dostumuz idi. Məhz bu səbəbdən əməliyyatımızın adını “Qalxan Şir” qoyduq, çünki Tövratda yəhudi xalqı şirə bənzədilir, həm də şir Şah dövrü İranın simvoludur, bayrağında da var idi. Çox tezliklə görəcəksiniz ki, ABŞ bu müharibəyə qoşulacaq. İsrail əsas işi gördü, biz zərbə vurduq, yol açdıq, çox şeyi məhv etdik. 

ABŞ-nin böyük hərbi qüvvəsi artıq İraqda və digər bölgələrdə yerləşdirilib. Məncə, tezliklə quru əməliyyatı başlayacaq – tam təmizləmə, hakimiyyət dəyişikliyi və İranın azadlığı. İran demokratik, qərbyönümlü, ABŞ və İsraillə müttəfiq bir ölkəyə çevriləcək. Sülh sazişi imzalanacaq, qarşılıqlı əməkdaşlıq başlayacaq. Dünya bir qədər rahat nəfəs alacaq. 

Terrorçuların sayı azalacaq. Qalanlarını da biz məhv edəcəyik. Kim bu rejimlə əməkdaşlıq edibsə, onları tapacağıq. Harada olsalar da, onları cəzalandıracağıq. Necə ki, nasistləri tapıb cəzalandırdıq, onları da eyni aqibət gözləyir. 

Azərbaycan da, Cənubi Qafqaz da, Yaxın Şərqin bütün ərəbdilli ölkələri də bu addımları alqışlayacaq. Hər şey yaxşı olacaq. Az qalıb. Əlbəttə ki, Ayətullah Əli Xameneyi bizim əsas hədəfimizdir. Onun həyatı bir teldən asılıdır. Az qalıb. Biz onu tapacağıq və məhv edəcəyik. O SEPAH-a mülki şəhərləri raketlərlə vurmaq əmri vermiş baş cinayətkardır. Biz tökülən qanımızı heç kimə bağışlamayacağıq”.

Səbinə Uğur
"Cebheinfo.az"