Ali Məclisin sədri olmaq üçün tələblər azaldılır

Ali Məclisin sədri olmaq üçün tələblər azaldılır

Naxçıvan MR Ali Məclisinin sədrliyinə namizədlər üçün tələblər azaldılır.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə biləcək.

Qüvvədə olan Konstitusiyaya əsasən, yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

"Cebheinfo.az"