Olmayan nəticəyə yatırılan milyonlar

“Azərbaycanda elm və təhsil xərcləri beynəlxalq normativlərə uyğundur”.
Bunu maliyyə naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, elm və təhsil xərclərinə kompleks baxılmalıdır: “2024-cü ildə bu xərclər 4,8 milyard manat - ÜDM-in 4 %-i qədər proqnozlaşdırılıb. Bu isə beynəlxalq normativlərə uyğundur. Əksər ölkələrdə təhsil və elm xərcləri ÜDM-in 3-5 %-i qədər proqnozlaşdırılır.
Eyni zamanda nəzərə alınmalıdır ki, elm və təhsil üzrə bir sıra xərclər hazırda dövlət büdcəsində fərqli bölmələrdə təsnifləşdirilir. Bu isə ümumi mənzərənin formalaşdırılmasında çətinlik yaradır. Hazırda elm və təhsil xərclərinin büdcə təsnifatının təkmilləşdirilməsi istiqamətində işlər aparılmaqdadır".
Elm və təhsil sahəsində xərclər beynəlxalq normativlərə uyğundursa, bəs bu sahədə nəticələrimiz niyə beynəlxalq səviyyəyə uyğun deyil?
Pul var, bəs nəticə?
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, Azərbaycanda elm və təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi son illərdə artmaqda davam edir:
“Maliyyə naziri Sahil Babayevin verdiyi məlumata görə, bu xərclər beynəlxalq normativlərə uyğundur. Rəsmi rəqəmlərə əsasən, 2024-cü il üçün təhsil xərcləri 4.4 milyard manat təşkil edir ki, bu da ölkənin ÜDM-nin təxminən 3.5%-nə bərabərdir.
Dünya Bankı və UNESCO-nun tövsiyə etdiyi minimum göstərici də məhz bu rəqəmlər çərçivəsindədir. Elm sahəsinə ayrılan xərclər isə 2023-cü il üzrə təxminən 330 milyon manat civarındadır və bu da ÜDM-in 0.2–0.3%-i qədərdir.
Lakin bu formal uyğunluq məsələnin yalnız büdcə həcmi hissəsidir; əsas məsələ isə həmin vəsaitin nə dərəcədə effektiv istifadə olunması, nəticələrin real keyfiyyət göstəricilərinə uyğunluğudur. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.1-ci maddəsinə əsasən, dövlət təhsilin inkişafını prioritet istiqamət kimi müəyyən edir və onun maliyyələşdirilməsi büdcə vəsaiti, eləcə də digər mənbələr hesabına həyata keçirilir.
Lakin bu prioritetlik yalnız sənəd üzərində qalarsa və nəticələrlə dəstəklənməzsə, struktur problemləri daha da dərinləşdirir. Real vəziyyətə nəzər saldıqda, təhsil sahəsinə ayrılan vəsaitlərin nəticəyə çevrilməsi prosesi bir çox hallarda gecikmiş, bəzən isə natamam xarakter daşıyır”.
“Xərclərin elmi məhsuldarlığa təsiri az hiss olunur”
Ekspertin sözlərinə görə, PISA 2022 beynəlxalq qiymətləndirmə nəticələrinə əsasən, Azərbaycan şagirdləri oxu, riyaziyyat və təbiət elmləri üzrə OECD ölkələrinin ortalamasından 20–25 faiz geridə qalır:
“Müqayisə üçün qeyd edək ki, Qazaxıstan, Gürcüstan və hətta Moldova kimi ölkələr PISA nəticələrində daha sürətlə irəliləyirlər. Bu isə o deməkdir ki, ayrılan büdcə vəsaiti beynəlxalq normativlərə uyğun olsa da, nəticələr həmin normativlərin məzmununa və mahiyyətinə uyğun gəlmir. Bu, resursların səmərəli istifadə olunmaması, təhsildə idarəetmənin mərkəzləşməsi, nəticəyə əsaslanmayanqiymətləndirmə və təşviq mexanizmlərinin mövcud olmaması ilə əlaqədardır. Eyni vəziyyət elm sahəsində də müşahidə olunur.
Azərbaycan Milli Elmlər Akademiyası və digər tədqiqat institutları maliyyələşmə baxımından illik büdcə vəsaiti ilə təmin olunsa da, bu xərclərin elmi məhsuldarlığa təsiri az hiss olunur. “Web of Science” və “Scopus” bazalarında Azərbaycan tədqiqatçılarının say baxımından nəşrləri artsa da, sitat indeksi və keyfiyyət göstəriciləri hələ də çox aşağıdır.
Məsələn, 2023-cü ildə Azərbaycan üzrə “Web of Science” bazasında yer alan məqalələrin sayı təxminən 4500 olsa da, bu rəqəm adambaşına düşən elmi məhsuldarlıq baxımından inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. ABŞ-də bu göstərici 1 milyon nəfərə təxminən 1200 elmi məqalə olduğu halda, Azərbaycanda bu rəqəm 50–70 civarındadır”.
Yeni sistem yaradılmalıdır
Ekspertin fikrincə, müsbət tərəf ondan ibarətdir ki, son illərdə ali məktəblərə ayrılan investisiya layihələri çərçivəsində maddi-texniki baza yaxşılaşdırılıb, təhsil infrastrukturu yenilənib, müəllimlərin maaşları artırılıb:
“2019-cu ildən etibarən sertifikasiya imtahanları, pedaqoji kadrların diaqnostik qiymətləndirilməsi və məktəbdaxili inkişaf proqramları tətbiq olunur. Bütün bunlar təhsildə yeni idarəetmə yanaşmasının formalaşması üçün mühüm addımlardır. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə göndərilən gənclərin sayı artırılıb, bu da gələcəkdə elmi kadrlara olan tələbatın yerli resurslarla qarşılanmasına kömək edəcək. Lakin bu proseslərin nəticəyə çevrilməsi üçün daha ciddi sistem dəyişikliklərinə ehtiyac var.
İlk növbədə, təhsilin maliyyələşmə mexanizmləri performansaəsaslanmalı, yəni hansı məktəb və ya universitet real nəticə verir, ona daha çox resurs ayrılmalıdır. Elmi tədqiqat fondlarının müsabiqə əsasında maliyyələşdirilməsi, universitetlərdə elmi fəaliyyətin kommersiyalaşdırılması və təşviq mexanizmlərinin qurulması zəruridir.
Dünya təcrübəsində, xüsusilə Cənubi Koreya, Finlandiya və Almaniya kimi ölkələrdə büdcə xərcləri nəticə ilə ölçülür. Məsələn, Koreyada ali təhsil müəssisələri hər il dövlətə hesabat verir ki, neçə məqalə, neçə patent, neçə startap və nə qədər sənaye əməkdaşlığı yaradılıb.
Bu göstəricilər növbəti ilin maliyyələşməsinə birbaşa təsir göstərir. Azərbaycanda da təhsilin və elmin nəticələrini ölçən, qiymətləndirən və ona uyğun resurs ayıran sistem qurulmasa, ayrılan vəsaitlərin artması yalnız statistik əhəmiyyət daşıyacaq. Təhsil və elmi məhsuldarlıq sosial-iqtisadi inkişafa, innovasiyalara, beynəlxalq rəqabətə və ümumilikdə cəmiyyətin rifahına təsir etməlidir.
Ayrılan vəsaitlərlə bu nəticələr arasında əlaqə qurulmadıqca, formallıq reallığın yerini alacaq. Nəticə olaraq, Azərbaycanda təhsil və elmə ayrılan xərclərin nominal səviyyəsi beynəlxalq normativlərə uyğun ola bilər, lakin bu vəsaitin yaratdığı təsir və effekt hələ də normativ göstəricilərdən xeyli geri qalır.
Bu boşluğun aradan qaldırılması yalnız struktur islahatlar, nəticəyönümlü siyasət və şəffaf hesabatlılıqla mümkün ola bilər. Təhsil və elmə yatırım sadəcə xərc deyil, gələcək üçün strateji sərmayədir və bu sərmayənin dəyəri yalnız nəticə ilə ölçülür”.
Nigar Abdullayeva
"Cebheinfo.az"