Türkiyə ilə Azərbaycanın qardaşlıq arxitekturası – TƏHLİL

Təbii fəlakətlər dövlətlərarası münasibətlərin sınağa çəkildiyi məqamlar olur.
Zaman-zaman beynəlxalq siyasətdə tez-tez səslənən “dostluq”, “müttəfiqlik” kimi anlayışlar yalnız çətin günlərdə real məzmun kəsb edir. Bu baxımdan, yaxın tarixdə baş vermiş dağıdıcı zəlzələdən sonra bir türk ölkəsinin digərinə göstərdiyi dəstək, Türkiyə-Azərbaycan münasibətlərinin sadəcə diplomatik deyil, mənəvi, tarixi və strateji əsaslar üzərində qurulduğunu bir daha sübut etdi.
Türkiyədə baş verən zəlzələ yalnız fiziki deyil, həm də milli ruh səviyyəsində ciddi travmalar yaratdı. Milyonlarla insanın evsiz qalması, minlərlə həyatın yarımçıq qalması həmin anlarda qardaşlıq və həmrəylik anlayışlarının nə qədər dəyərli olduğunu göstərdi. Azərbaycan bu faciənin ilk saatlarından etibarən dərhal yardım əli uzadaraq, “bir millət, iki dövlət” şüarının real təcrübədə necə işlədiyini nümayiş etdirdi.
Lakin bu yardım yalnız qısa müddətli humanitar missiya ilə məhdudlaşmadı. Zəlzələdən sonra zərərçəkmiş ərazilərdə “Azərbaycan” adını daşıyan müasir yaşayış məhəlləsinin inşa olunması, bu qardaşlığın daimi və strukturlaşdırılmış forma aldığını göstərdi.
68 binadan ibarət yaşayış kompleksləri, məktəb, bağça, mədəniyyət mərkəzi və yüzlərlə ticarət obyektinin yaradılması, bunlar yalnız maddi tikililər deyil, milli yaddaşda silinməyəcək izlərdir.
Bu təşəbbüs Türkiyə və Azərbaycanın müttəfiqlik modelində yeni mərhələnin başlandığını göstərir. Artıq münasibətlər yalnız energetika, müdafiə və ya iqtisadi əməkdaşlıqla deyil, humanitar dəyərlər üzərindən də dərinləşir.
Bir ölkənin digər ölkədə zəlzələdən zərər görmüş insanlara ev tikməsi, məktəb açması və mədəniyyət ocağı yaratması, beynəlxalq münasibətlər sistemində nadir hallarda rast gəlinən vicdanlı diplomatiya nümunəsidir.
Digər önəmli detal, bu yaşayış məhəlləsində Azərbaycan bayrağının dalğalanması, bu torpaqlarda həm də dostluğun simvolik abidəsinin ucaldılması planıdır. Bu, təkcə zəlzələyə qarşı möhkəmlik deyil, qardaşlığın seysmik dayanıqlığını da nümayiş etdirir.
Bu gün dünyanın müxtəlif bölgələrində dövlətlərarası münasibətlər müvəqqəti maraqlara əsaslanır. Lakin Türkiyə-Azərbaycan münasibətləri zamanın sınaqlarından çıxmış, tarixə, milli kimliyə və ortaq gələcəyə bağlı bir qardaşlıq modelidir.
Bu model yalnız türk dünyası üçün deyil, bütün region üçün sabitlik, qarşılıqlı etimad və humanitar diplomatiya nümunəsi ola bilər.
Züriyə Qarayeva
"Cebheinfo.az"