Məşhur həkim Azərbaycanda xərçənglə bağlı vəziyyəti açıqladı: “Birinci yerdədir” - MÜSAHİBƏ

Məşhur həkim Azərbaycanda xərçənglə bağlı vəziyyəti açıqladı: “Birinci yerdədir” - MÜSAHİBƏ

Ötən il ölkə üzrə yenitörəmələrdən (xərçəng şişlərindən) ölənlərin sayı 9 min 681 nəfər olub. 

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onların 5 min 546 nəfərini kişilər, 4 min 135 nəfərini qadınlar təşkil edib. 2024-cü ildə 15 min 164 nəfərdə isə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb. Onlardan 7 min 113 nəfəri kişi, 8 min 51-i isə qadındır. 

Bununla yanaşı, xəstəlik aşkarlananlardan 139-u 13 yaşadək, 70-i 14-17 yaş, 323 nəfəri 18-29 yaş, 398 nəfəri 30-34, 608-i 35-39, 6 min 463-ü 40-59, 7 min 163 nəfəri isə 60 və yuxarı yaşda insanlardır. Belə ki, ötən il 267 nəfərdə ağız boşluğunun və udlağın, 25 nəfərdə dodaqların, 528 nəfərdə qida borusunun, 1 437 nəfərdə mədənin, 854 nəfərdə düz bağırsağın, onunla siqmavari bağırsaq birləşməsinin, anusun, 249 nəfərdə qırtlağın, 1 525 nəfərdə traxeya, bronx, ağciyərin, 2 min 674 nəfərdə süd vəzisinin, 50 nəfərdə isə dərinin melanomasının xərçəngi aşkarlanıb. 

Ölkəmizdə xərçəng xəstəliyinin yayılması və bu istiqamətdə mövcud vəziyyətlə bağlı “Cebheinfo.az”-ın suallarını tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov cavablandırıb: 

-Onkoloji xəstəlikdən ölənlərin siyahısında kişilər üstünlük təşkil edir. Bu, nədən irəli gəlir? 

-Əgər bir vaxtlar birinci yerdə ürək qan-damar xəstəlikləri idisə, hazırda onkoloji xəstəliklərdir. Kişilərin sayının üstünlük təşkil etməsi isə onunla bağlı ola bilər ki, qadınlar daha tez həkimə müraciət edirlər. 

Kişilər isə laqeyd yanaşırlar, vaxtında həkimə müraciət etmirlər. Əgər vaxtında həkimə müraciət edərlərsə, xəstəlik də tez aşkarlanarsa, tam da müalicə olunar. Ancaq çox təəssüflər olsun ki, bizim əhali daha çox xəstəliyin 3-cü və 4-cü mərhələsində müraciət edirlər. 

-Ümumiyyətlə, onkoloji xəstəliklərin artma səbəbi nə ilə bağlıdır?

-Yalnız bizim ölkədə deyil, dünyada belə statistika aparılıb ki, 10 ildən sonra ürək qan-damar xəstəlikləri ilə onkoloji xəsətliklər yerini dəyişəcəklər. Yəni, birinci sıraya onkoloji xəstəliklər, ikinci sıraya ürək qan-damar xəstəlikləri keçəcək. 

Burada əsas səbəb kimi 50 faiz qidalanma faktoru dayanır. Artıq çəki, piylənmənin olması, sinu intellektin yaranması ilə əlaqədar insanlar hərəkət etməməsi əsasdır. Bundan başqa, dönər, hamburger kimi “fast-food” yeməklərinə daha çox üstünlük verilir. Eləcə də havanın çirkliliyi buna təsir edən amillərdir. Dünyada avtomobillərin sayı çoxalır, onlardan çıxan tüstü, zəhərli maddə kimi amillər, genetik faktorlar onkoloji xəstəliklərin meydana gəlməsində əsas səbəblərdəndir. 

-Vətəndaşların bir çoxu bu xəstəliklə bağlı xarici ölkələrə müraciət edirlər və həmin ölkələrdə sağalma ehtimalı daha yüksək olur. Bunu nə ilə əlaqələndirərdiniz?

- Mən ümumilikdə belə deməzdim. Çünki bizim ölkədə də kifayət qədər yaxşı, xaricdə təhsil almış mütəxəssislər var. Sadəcə olaraq texnologiya ilə bağlı fərq var. Eləcə də xaricdə dərmanların daha keyfiyyətli olması məsələsi var. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan mütəxəssislərimiz geri qayıtdığına görə son zamanlar demək olar ki, mütəxəssis baxımından problemimiz yox səviyyəsindədir.

-Son vaxtlar onkoloji xəstəliklər zamanı “ağıllı” iynədən istifadə edilir. Bu, xəstəliyin müalicəsində hansı rolu oynayır?

- “Ağıllı” iynə kimyaterapiyanın başqa bir növüdür. Əsas fərqi odur ki, o, artıq birbaşa şiş hüceyrələrinə təsir göstərdiyinə, iştaha az zərər vurduğuna görə son zamanlar  daha çox istifadə olunur. Yəni, əsas fərq bundan ibarətdir. 

- Kubada onkoloji xəstəliyin “sıfırlandığına” dair iddialar var. 

Azərbaycandan bununla bağlı Kubaya gedənlər varmı?

-Ümumiyyətlə, xəstə vaxtında müalicə alsa, bizdə də “sıfırlanır”. Əgər xəstə 1-ci, yaxud 2-ci mərhələdə gəlirsə, bizdə də 100 faiz bu nəticə var. Sadəcə olaraq bizim vətəndaşlarımız 3 və 4-cü, yəni gecikmiş mərhələdə həkimə müraciət etdiklərinə görə problem yaranır. Burada dərmanların daha keyfiyyətli olması məsələsi də var. 

- O zaman belə anlaşılır ki, Azərbaycanda dərmanlar çox keyfiyyətsizdir....
-“Çox keyfiyyətsizdır” deməzdim, nisbətən keyfiyyətsizdir. Bizdə də dərmanlar xaricdən gətirilir. Burada dərmanların düzgün seçilməsi istifadə qaydası da əsasdır. 

-Statistikaya əsasən, ötən il 25 nəfər dodaq xərçəngindən vəfat edib. Sizcə, plastik əməliyyatların xərçəngin artmasına təsiri varmı?

-Ağız boşluğunun xərçənglərinin yaranmasının birinci səbəbi siqaretdən daha çox istifadə olunmasıdır. İkisinin bir-birilə əlaqəsi 0,5, yaxud 1 faiz ola bilər. Son zamanlar bizdə artıq kişilərlə yanaşı, qadınlar da tütün məmulatlarından, xüsusilə də elektron siqaretlərdən qəlyanlardan daha çox istifadə edirlər. Bu da ağız boşluğunda xərçəngin artmasında rol oynayır.

-Bu xəstəlikdən ölənlərin sırasında ən çox- 2 min 674 nəfər süd vəzisi, 1 525 nəfər traxeya, bronx, ağciyər, 1 437 nəfər mədə xərçəngindən vəfat edənlər var. Bu artım düzgün diaqnozun qoyulmamasından irəli gəlir? 

-Xeyr, ilkin diaqnozla bağlı deyil. Yəni, ilkin diaqnoz dedikdə, burada həm ultrasəs müayinəsi, həm kompüter tomoqrafiya, həm endoskopik müayinə, klinik analiz və ən dəqiq analiz nəticə biopsianın götürülməsi, həm də hüceyrə səviyyəsində bu diaqnozun qoyulmasıdır. Ölkəmizdə diaqnozun müəyyən edilməsi üçün bütün avadanlıq sistemi var. 

Nigar Abdullayeva
“Cebheinfo.az”