Firudin Cəlilovla açıq söhbət: “Düşünürdüm ki, hakimiyyətdə bir neçə il qalıb sonra testi dəyişəcəyik”

Firudin Cəlilovla açıq söhbət: “Düşünürdüm ki, hakimiyyətdə bir neçə il qalıb sonra testi dəyişəcəyik”

Son vaxtlar ən çox müzakirə olunan sahələrdən biri təhsildir.

Orta ümumtəhsil məktəblərində, qəbul imtahanlarında, universitetlərdə bir çox nöqsanların olduğu deyilir.

Məsələnin ictimai yükü və aktuallığını nəzərə alaraq, “Cebheinfo.az”-ın suallarını keçmiş təhsil naziri, professor Firudin Cəlilov cavablandırıb:

-Firudin Cəlilov adı çəkiləndə ağıla ilk olaraq Azərbaycan təhsil sistemində test imtahanlarının tətbiqi gəlir. Test üsulunun tətbiqi zərurət idimi?

-Bu gündən baxanda ayrı mənzərə görünür. Ancaq ötən əsrin 90-cı illərini göz önünə gətirdikdə, görərik ki, aləm bir-birinə qarışmışdı. "Perestroyka" deyilən bir dövr idi. Universitetlərə qəbul çox iyrənc bir vəziyyətə gəlib çatmışdı. İmkanı, "dayısı", pulu olan ali məktəbə daxil olurdu, kasıb gənclər isə qalırdı kənarda. Mən işin içində olduğum üçün o "mətbəxi", detalları bilirəm. Kasıbların da universitetdə oxuması üçün mütləq test və ya onabənzər bir üsul lazım idi. Mən test üsulunu mərhum Əbülfəz Elçibəyə təklif etdim, o razılaşdı. Mənim təklifimlə mərhum Vurğun Əyyubu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sədr təyin etdilər.

"Vurğun bəy hətta 10 gün işə çıxmadı"

Ancaq Vurğun bəy istəmirdi. Hətta 10 gün işə çıxmadı. Nazirlər Kabinetində böyük bir kabinetim vardı və oranı tələbə qəbulu otağı etmişdik. Müəllimlər gəlirdi, suallar hazırlanırdı. Türkiyədən mütəxəssis çağırmışdım, o gəlmişdi. Həmçinin Türkiyə səfirliyindən gəlirdilər. Beləliklə, Baş nazirin müavini qəbul işi ilə məşğul idi. Mənim digər işlərim tökülüb qalmışdı. Vurğun bəy sədr təyin olunanda səhər mənim yanıma gəldi. Dedi ki, bilirəm, sənin oyunundur, axşam televiziyadan eşitmişəm ki, məni o komissiyaya sədr qoyubsunuz.

Mən də Vurğun bəyin xətrini çox istəyirdim. Çünki biz Milli Azadlıq Hərəkatından bir yerdə gəlmişdik. Niyə məhz onu təklif etmişdim? Çünki o, görüb-tanıdığım prinsipial, əli təmiz adam idi. Dedim ki, Vurğun bəy, mən sizi Türkiyəyə elə-belə göndərməmişdim, Misir Mərdanovu, səni göndərmişdim ki, gedin o sənədləri gətirin, öyrənin. Bir məqsədim var idi ki, sizi oraya göndərmişdim. Dedi ki, mən istəmirəm. Qaldım məəttəl, 5-10 gün yola verdim, sonra 1-2 dostdan xahiş elədim ki, onu dilə tutun. Təşkil elədim ki, o, mənim yanımda olan Prezident Aparatından da gəldilər və birtəhər onu razı saldıq.

O, komitənin işini üzərinə götürən gündən mən geri çəkildim, öz işlərimlə məşğul oldum. İndi maraqlı bilirsiniz nədir? Pənah Hüseynov, İsa Qəmbər çıxır televiziyaya və onlardan soruşurlar ki, Firudin bəy bunları doğru deyir, yoxsa testi elə Elçibəy gətirib? Hər ikisi deyir ki, Firudin bəy düz demir. O gün birini yas yerində tutub deyirəm ki, utanmırsan, sənin yanında olan söhbətdir. Başını aşağı salıb deyir ki, Firudin bəy, bir "qırmızı xətt" var, biz oranı keçə bilmirik. Bu "qırmızı xətt"in nə olduğunu bu günə qədər də başa düşmürəm. Nəyi demək istəyirlər? Bu test məsələsini Vurğun bəy rəhmətə gedəndən mətbuatda fırladırlar. Mənim əleyhimə danışırlar, özü də bunlar danışır. İdeya mənim idi, gətirdim, hətta Vurğun bəyin o vəzifəyə qoyulması üçün yalvardım. Kamran İmanovu ona müavin gətirdim.

O, İnşaat Universitetində çalışırdı, texnologiyanı bilirdi. Kompüterdən, texnologiyadan nə mənim, nə də Vurğunun başı çıxırdı. Vurğun işdən çıxandan sonra Kamran İmanov 1 il onu əvəz etdi. Testin təşkili belə olub. Amma onun mahiyyətinə gələndə, o vaxt biz düz elədik, test imtahanlarını tətbiq etdik. Birinci dəfə test imtahanlarını mən keçirdim və 2 min tələbəni Türkiyəyə göndərdik. Vurğun bəy fərmanı veriləndən 3 ay sonra respublika üzrə test keçirdi.

-İllər keçdikdən sonra belə bir fikir formalaşıb ki, test əzbərçiliyə, repetitorluğun inkişafına yol açıb. Bu fikirlə razılaşırsınızmı?

-Mən hələ o vaxt deyirdim ki, test şagirdlərdə əzbərçilik yaradacaq. Yəni, o yaşda uşağın formalaşması üçün ona yaradıcılıq imkanı yaratmaq lazımdır. Axtarsın, tapsın, düşünsün. Ancaq əzbərləyib "5" alır, iki gündən sonra yadından çıxır. Bu mənada testin çox ziyanlı tərəfləri var. Şagirdlər yazı qabiliyyətini itirirlər.

Çünki yazıdan imtahan vermirlər, hazırlaşmırlar, danışıq qabiliyyətlərini itirirlər, bədii ədəbiyyat oxumurlar. Yəni, testin gətirdiyi belə ziyanlar da var. O vaxt mən fikirləşirdim ki, yəqin biz hakimiyyətdə bir neçə il qalacağıq və 1-2 il test imtahanı ilə vəziyyəti tənzimləyəndən sonra rüşvət ortadan qalxdı, ədalət bərpa olundusa, yavaş-yavaş insanların beyninə yeritmək lazımdır ki, kim oxumaq istəyirsə, kim bacarırsa, buyursun. Ancaq kimdə o bacarıq yoxdursa, oxuya bilməyəcəksə, boş diplom bunun nəyinə lazımdır? Yəni, 4 il əziyyət çəkir, sonra da diplomu aparır, sandığa qoyur, gedib başqa bir sənətdə işləyir.

"Dedim ki, nazir adamsan, niyə getmir?"

Demək ömrünün 4 ilini ona lazım olmayan bir sahəyə sərf edir. Bu mənada oxumağı bacaranlar, müəyyən sahənin ardınca getmək üçün ali savad lazımdırsa, onlar bu yolu seçsinlər. Beş barmağın beşi də bir deyil. İnsanlar da elədir. Birinin qabiliyyəti yuxarıdır, birininki aşağıdır, birində super qabiliyyət var. Məsələn, o gün baxıram ki, bir uşaq riyazi məsələləri kompüterdən tez həll edir. Ancaq 30 yaşlı elə adam var ki, başa salmaq olmur. Bu baxımdan düşünürdüm ki, oxuya bilən oxusun, əgər oxuya bilmirsə, çaşıb gəlib sənəd verib qəbul olubsa, 6 ay da o, oxusun. 6 aydan sonra yoxlama imtahanları keçiriləcək, imtahan zamanı məlum olacaq ki, o, heç nə bilmir. Özü fikirləşəcək ki, mən daha niyə davam edim. Sənədlərini götürüb peşə məktəbinə gedəcək.

O zaman bir dəfə Almaniyanın təhsil naziri ilə söhbət edirdik. İmtahanlardan söhbət düşdü. Dedi, 1 oğlum var, bu il instituta getməli idi, ancaq getmədi. Dedim ki, nazir adamsan, niyə getmir? Dedi ki, yox, istəmir, deyir ki, mən montyor olacağam, həvəsi oradır, mən ona deyə bilmərəm ki, get riyaziyyatçı, bioloq ol. Yəni, ölkəyə bu psixologiyanı gətirmək lazımdır. Hər bir insan, hər bir uşaq bacardığı sahədən yapışmalıdır. O qədər sahələr var. Məsələn, bizdə kənd təsərrüfatı batıb gedir.

Aqronom, baytar tapılmır. Gedin öyrənin. Tarixən Azərbaycan aqrar ölkə olub. Hamı yığılıb şəhərə. Bir diplom almaq üçün dağ kəndindən gəlir, 4 il kirayədə qalır, zülm çəkir, diplom alır, işi də yoxdur. Bütün bunları hökumət tənzimləməlidir. Hər il, məsələn, 5 min tələbə qəbul olunmalıdırsa, hesablamalıdırlar ki, 4 ildən sonra tələb olunacaq ixtisaslara yer ayrılmalıdır. Əgər 4 il oxuduğu ixtisasda o müddət bitəndə boş iş yer olmayacaqsa, bunu niyə bədbəxt edirsən? Bunu Elm və Təhsil Nazirliyinin boynuna da yıxmaq olmaz. Çünki tələbə qəbulu sayını Nazirlər Kabineti müəyyənləşdirir.

Testin yaxşı tərəfləri ilə yanaşı, belə pis tərəfləri də var. Ən pis tərəfi bilirsiniz nədir? Hazırlıq kursları göbələk kimi artmağa başladı. Valideynin övladını əlavə müəllim yanına göndərməsi normal haldır. Ancaq bu, kütləvi xəstəliyə çevriləndə, dəhşətli məqamla rastlaşırsan. Məsələn, bir videoya baxıram, azərbaycanlı ailədir, 17 övladı var. Fikirləşdim ki, mənim 5 nəvəm var, nənəsi, atası işləyir, mən pensiya alıram. Biz onların hazırlıq pulunu çatdıra bilmirik. Bu 17 uşağa nə qədər müəllim tutub, pul xərcləməlidir? Demək, o uşaqlar bədbəxt olacaqlar, çünki indiki sistemə girə bilmirlər.

Bu yaxınlarda bir videoda gördüm ki, 35 yaşlarında cavan müəllimdir, sifətindən müəllimdən daha çox ferma müdirinə oxşayırdı. Şagird ona sual verir ki, müəllim, filan şey nədir? Həmin müəllim sifətini turşudub deyir ki, mənim hazırlıq kursuma gəlmirsən, niyə cavab verməliyəm, gələrsən, sualı orda verərsən, cavab verərəm. Mən dəhşətə gəldim. Bu düşüncə sahibini auditoriyaya necə buraxmaq olar? Onun məktəb direktoru, təhsil şöbəsi, məktəb kollektivi yoxdur? Oxuyan uşaqların valideynləri bunu tanımır? Yəni, test imtahanlarının hazırlıq kurslarının artması ilə bağlı gətirdiyi belə dəllallar da var. Onların hamısını nizamlamaq lazımdır.

-Belə bir fikir bildirmisiniz ki, universitetlərin qapıları açıq olmalıdır, kim oxumaq istəyirsə, sənədini versin, gedib dərslərdə iştirak etsin. Ancaq ilk semestrin sonunda həmin tələbələr ələnməlidir. Universitetlərimizdə bu qaydanı tətbiq etmək mümkündürmü?

-İndi yox. Xarici ölkələrdə tətbiq edirlər. Bir çox ölkə var ki, heç orada qəbul imtahanı yoxdur. Tələbə 4 il oxumalıdırsa, çatdırmır, 7,8 il oxuyur. Yəni, oradan o diplomu alana qədər oxuyur. Ancaq bizdə elə deyil, qrafiklə bölünüb. Bu təkcə təhsil sistemində deyil. 1991-ci ildə bəyan etdik ki, biz 1918-ci ildə olan dövlətin varisiyik. onu bərpa edəcəyik. Mənim də orada imzam var, mən o komissiyanın sədri olduğum üçün gerb, bayraq, himn, əlifba - hamısı mənim əlimdən gəlib keçib, sənədləri hazırlamışıq, bərpa eləmişik. Məqsəd 50 il yaşadığımız sosializm quruluşundan azad bazara keçmək idi. Ancaq nə oldu?

"İki bir-birinə zidd qanunlar aləmi bir-birinə qatıb"

Müsavat-AXC hakimiyyəti 1 il çəkmədi. Mən də o hakimiyyətdə işləyirdim. Xeyli islahat başladı. Sonra hakimiyyət dəyişdi. Biz həm də köhnə qanunlarla işləyirik. İki bir-birinə zidd qanunlar aləmi bir-birinə qatıb. Ona görə kim nə istəyir, onu edir. Bizim də milyarderlərimiz var. Birini göstərmək olarmı ki, gəlib ölkədə bir məktəb tikib? Necə olur ki, Mübariz Mənsimov Azərbaycanda yaşamır, ancaq Türkiyədə azərbaycanlı uşaqlar üçün məktəb tikir, mənim bir sıra kitablarımı İstanbulda çap edir? Ancaq burada milyarderlər nə edir, qazanıb gedib xaricdə otel, restoran açırlar.

Sən bunu burada qazanıbsan, investisiyanı da burada qoy. Bunlara nəzarət yoxdur. Halbuki çox ağıllı gənclərimiz var. XXI əsrdə yaşayırıq. İndi mənim I sinifə gedən nəvəm telefonla elə şeylər tapıb öyrənir ki, mən onu edə bilmirəm. Mən ona nəsə öyrətmək istəyəndə deyir ki, mən onları çoxdan bilirəm. Zəmanə, texnologiya dəyişib. Ona görə də təhsil bununla ayaqlaşmalıdır. Ancaq təhsilin strukturunu keçən əsrdə saxlamaqla, bu əsirdə yaxşı nəticə gözləmək düzgün deyil.

-Elm və təhsil naziri Emin Əmrullayev belə bir fikir bildirmişdi ki, öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repetitorluq etmək ayıbdır. Bu fikirlə razılaşırsınızmı?

-Ayıb deyil, dəhşətdir, biabırçılıqdır. Necə olur ki, müəllim bu sinifdə dərs deyir, sonra həmin uşaqları aparıb kurs adıyla onlara orda dərs deyir. Əgər sən düzgün adamsansa, bu dərsi sinifdə deməlisən. Ona görə də nazirin dediyi fikirlə 100 faiz razıyam.

-Son illər əsas tənqid hədəflərindən biri də məktəb direktorlarıdır. Sizcə, bu, doğru direktor seçiminin olmamasındanmı irəli gəlir? Əvvəllər olduğu kimi direktorlar icra hakimiyyəti tərəfindən təyin edilməlidirmi?

-Məktəb direktorlarının icra hakimiyyətləri tərəfindən təyin edilməsi doğru deyil. Mən çalışdığım dövrdə də icra hakimiyyətləri burunlarını soxurdu. Rayon başçısıdır, bu məktəb direktorundan xoşu gəlmir, onu çıxarır, başqasını qoyur. Təhsil şöbəsi də ETN ilə işləməlidir. İcra başçısı kimdir ki, direktor təyin edir? Mən bu qaydanı ləğv elədim. Çünki icra hakimiyyəti təhsil işinə qarışmamalıdır. Sonra o prinsip deyəsən, bir neçə dəfə dəyişib. Mən 30-40 ildir ki, bu sahədən ayrılmışam.

"Gördüm ki, nazirin gözləri doldu"

Orda nə hadisələr baş verir, bilmirəm. Mənim fikrimcə, məktəb direktorları kişi olsa yaxşıdır. Bu gün məktəb direktorlarının 90 faizi qadındır. Bu ziyanlıdır. Niyə? Bir vaxtlar mən parlamentdə Elm və təhsil komissiyasının sədri idim. Mənə dedilər ki, Bakıda məktəbdə kişi müəllim qalmır, hamısı çıxıb gedir. Həmin şəxs də mütəxəssisdir. Dedi ki, kişilər gedirsə, məktəbi qadın müəllimlərin ixtiyarına buraxmaq o şagirdlərin evini yıxmaq deməkdir.

Çünki psixologiya, sosiologiya elmi sübut edib ki, orta məktəb şagirdinin formalaşmasında kişi müəllimlərin böyük rolu var. Yəni, bu, o sahənin mütəxəssislərinin gəldiyi nəticədir. Bir məktəbdə 10 qadın müəllim varsa, ən azı 15 kişi olmalıdır. Məktəbdə hamısı qadın müəllimdirsə, o məktəbdən yaxşı nəticə gözləməyin.

Bu, o demək deyil ki, qadın müəllimlər pis dərs deyir, xeyr. Bunun psixoloji, sosioloji tərəfi var. Bu məlumatı mənə dedikdə, o vaxt prezidenti əvəz edən Yaqub Məmmədovun yanına getdim. O da başa düşdü və dedi ki, nə təklif edirsən? Dedim ki, biz bunu belə buraxsaq, 3-4 ildən sonra orta məktəb sistemini düzəltmək mümkün olmayacaq, bunun qarşını almaq lazımdır. Təklif etdim ki, müəllimlərin maaşını 5 dəfə artıraq. Yaqub Məmmədov "Vallah, mənim ona o qədər ümidim yoxdur. Qoy maliyyə nazirini çağırım",-dedi. Zəng etdi, 15 dəqiqədən sonra nazir gəldi.

Nazirə təklifimi dedi. Gördüm ki, nazirin gözləri doldu. Nazir də olsa, Prezidenti əvəz edəndən, məndən çəkinirdi. Dedi ki, büdcədə pul yoxdur, mən necə artırım? Dedim ki, bilmirəm, mənim üçün fərqi yoxdur, o birilərin, məmurların maaşını azalt, nə edirsən et, müəllimlərin maaşı qalxmalıdır. Nəhayət, 3 dəfə artıma razılaşdıq. Yaqub Məmmədova dedim ora yaz ki, müəllimləri bütün kommunal xərclərdən azad edirik.

"Mən nazir işləyəndə büdcədə 400 dollar pul var idi"

O vaxt mən "Təhsil haqqında" Qanun hazırlayırdım və bunu qanuna salmışdım ki, müəllimlərin maaşı bütün məmurların maaşından yüksək olmalıdır. Dedim ki, bunu da yaz. Bundan başqa, o zaman ilk özəlləşdirmə gedirdi. Özəlləşdirmənin müəllimlərə də aid edilməsini istəyirdim, hökumət evində qalırdısa, o evi özəlləşdirsin. Yaqub müəllimin o Fərmanı çıxandan sonra Bakıda bazarda, inşaatda işləyən, alver edən kişi müəllimlərin əksəriyyəti məktəbə qayıtdı. Qoymadıq ki, orta məktəb dağılsın. Nə çətinliklərlə bunu reallaşdırdıq. Mən nazir işləyəndə büdcədə 400 dollar pul var idi.

Həmin pulla mən heç xaricə də gedə bilmirdim. Amerikaya çağırmışdılar. Gəldim Nazirlər Kabinetinə. Baş nazirin müavininə dedim ki, gedə bilmirəm. Cibindən pul çıxarıb verdi ki, get, nə vaxt olsa, verərsən. O dövrdə biz təhsili bu cür qoruyub saxlaya bildik. Ancaq indi kifayət qədər pul var, təhsilə investisiya qoymaq əvəzinə aparıb mənasız yerlərə qoyurlar. Kimə lazımdır? Mən o vaxt qanunda yazmışdım ki, yalnız məktəb deyil, universitet rektorlarını da kənardan təyin etmək olmaz, məktəb direktorunu müəllimlər və aktiv valideynlər seçməlidir. Yəni, seçki yolu ilə olmalıdır.

O seçilən direktor onlardan asılıdır, onlara hesabat verməlidir. Ancaq yuxarıdan təyin olunan onları saymır. Eyni amil universitetlərdə də olmalıdır. Qanuna saldım ki, rektoru universitet seçməlidir. ADNA-da, Gəncədə iki universitetdə həmin üsulla rektor seçdik. Məktəb direktorunu da seçki yolu ilə təyin etmək lazımdır. Onda bu problemlər olmayacaq…

Ardı var…
Nigar Abdullayeva
“Cebheinfo.az”